Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib.
Fətvada deyilir ki, Hicri-qəməri təqvimi ilə 1438-ci il başa çatır. Yeni Hicri 1439-cu ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabrın 22-nə təsadüf edir. Bu il Aşura günü oktyabrın 1-nə təsadüf edəcək".
Qeyd olunur ki, müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadagan edildiyi aylardandır: "Lakin təəssüflər olsun ki, bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub".
Fətvada bildirilir ki, Məhərrəmlik mənəviyyatın zirvəsi olan şəhadəti tərənnüm edir: "Bu ayda şəhidlik fəlsəfəsinin açıqlanmasına xüsusi önəm verilməlidir. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənə olaraq yaşadılır.
Unutmayaq ki, əziz və qəhrəman Vətən şəhidlərimiz şəhidlər sərvəri İmam Hüseynin (ə) davamçılarıdırlar. Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs vəzifəmizdir. Ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı bədbinlik əhvali-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır".
Əzadarlıq moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətlərin, şəhidliyin əsl mahiyyətinin açıqlanması, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçənlərin, Qarabağ, Xocalı şəhidlərinin yad edilməsi tövsiyə olunur: "Xütbə və moizələrdə bildirilməlidir ki, torpaqlarımızın işğalına son qoymaq üçün çalışmaq əzadarlıq ruhiyyəsinin ayrılmaz hissəsidir. Torpaqlarımızın işğalı davam etdiyi dövrdə gənclərimiz Ali Baş Komandanın əmrinə daim hazır, millətə və Vətənə bağlı olmalı, dövlətimizin mənafelərini uca tutmalıdırlar.
Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun, onun amallarına yaraşan tərzdə keçirilməlidir. Mövcud qanunvericiliyə əsasən, əza məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməli və ictimai asayişə mane olmamalıdır. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Əzadarlar dinimizin təyin etdiyi əxlaqi çərçivələrə riayət etməlidirlər. Belə ki, qurşağadək soyunub zəncir və sinə vurmaqla bədənə xəsarət yetirmək, qan çıxarmaq müqəddəs şəriətimizə və İslam əxlaqına uyğun deyil. Allah rizayəti üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər bu tövsiyələrə əməl etməlidirlər".
Qeyd olunur ki, son illər Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyası xalqımız tərəfindən xüsusi təqdir edilir: "Bu baxımdan, Kərbəla şəhidlərinin və Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Buna görə də bu, həyat verən savab əməl din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümid edirik ki, möminlər bu gözəl ənənəni yaşadacaqlar. Qafqaz Müsəlmanları İdarəsi Əhli Beytin hər iki məzhəb üçün əziz olduğunu nəzərə alaraq Azərbaycanda yaşayan hər iki məzhəb ardıcıllarına İslami həmrəylik nümayiş etdirərək İmam Hüseyn (ə) mərasimlərində dini dəyərlərə uyğun olaraq birgə iştirak etmələrini tövsiyə edir.
Müsəlman aləminin mürəkkəb dövr yaşadığı, dünyada qardaş savaşı, radikalizm və terrorizmin yayıldığı bir zamanda müdrik xalqımız və qüdrətli dövlətimiz Allahın inayəti ilə dindən sui-istifadə edənlərə layiqli cavab verməyə hazırdır. Təbii ki, bu gücün zəmanəti dövlətçiliyimizdir və bu böyük nemətə görə Allaha şükür olsun. Din xadimlərimiz ölkəmizdə mövcud sabitliyin pozulması, məzhəbi müstəvidə qarşıdurma yaradılması məqsədilə din adından siyasi alət kimi istifadə edən bəzi qüvvələrə qarşı ayıq-sayıq olmalıdırlar.
Dövlət müstəqilliyimizin, milli-mənəvi dirçəlişimizin bünövrəsini qoymuş Millət atası Heydər Əliyev üçün hər zaman dualar edən dindarlarımız, bu ali mənəviyyat yolunun davamlı olması üçün həmd-sənalar edirlər. Azərbaycan dindarları Vətənimiz və onun qüdrəti üçün misilsiz səylər göstərən, ölkəmizin siyasi-iqtisadi inkişafı, əmin-amanlığının təminatçısı, milli-mənəvi, dini-multikultural dəyərlərin himayədarı olan, beynəlxalq miqyasda İslam həmrəyliyi ideyalarını müdafiə edən, islamofobiya təzahürlərinə qarşı qətiyyətli mövqe nümayiş etdirən möhtərəm dövlət başçımız Zati-aliləri İlham Əliyevin fədakar fəaliyyətinə Uca Allahdan rəvac diləyir, ölkəmizin əmin-amanlığı və rifahı üçün dualar edirlər".
RePost.Az