Bir neçə gün öncə “Xəzər” televiziyasında yayımlanan “Bizə danış” verilişində Masallıdan olan Şəhla Ağayeva adlı qadının öz oğlunu 20 il çox dözülməz şəraitdə, zəncirdə saxlaması ilə bağlı süjet efirə verilib. Proqramın rəhbəri Xoşqədəm Hidayətqızı ailənin yaşadığı Çaxırlı kəndinə gedərək çəkiliş edib və zəncirdə 20 il saxlandığını iddia etdiyi İbadər Rzayevi Bakıya gətirib. Anası ilə birlikdə Bilgəhdəki sanatoriyaya yerləşdirilən şəxs veriliş efirə gedəndən sonra yaxınlarının köməyi ilə oradan qaçırılıb.
 
Verilişdə oğlanın həbri xidmət keçdiyi, yaşının 35 olduğu deyilirdi. Və bu detallar onun 20 ildir zəncirlənmiş halda saxlanıldığı barədə deyilənlərlə uyğunsuzluq təşkil edirdi. Digər tərəfdən isə sanatoriyaya yerləşdirilən ana-balanın oradan qaçması bəzi şübhələrə səbəb olub. virtualaz.org bu məsələni araşdırıb və məlum olub ki, “zəncirlənmiş oğlan” əhvalatı da Xoşqədəmin bundan əvvəl apardığı teleproqramlardakı qurama, qəsdən dramatikləşdirilən və tamaşaçı cəlb edib insanların hissləri ilə oynayaraq reytinq qazanmağa hesablanmış əhvalatlardan biridir.
 
Kənd sakinlərinin bildirdiyinə görə, Şəhla Ağayevanı aldaraq verilişə çəkiblər. Qonşular deyirlər ki, qadına çəkilişin oğlunun müalicəsinə kömək etmək məqsədilə edildiyi bildirilib: “Ananı aldadıb efirə çıxarıblar ki, sənin oğlunu müalicə etdirəcəyik. Artıq bu məsələnin üzərinə icra hakimiyyəti də düşüb, yəqin ki, Xoşqədəm Hidayətqızını məhkəməyə verəcəklər. Yalandan deyirlər ki, 20 ildir ana uşağı zəncirləyir. Bu qadın oğluna çox yaxşı baxır. Onu aldadıb o cür ifadələr alıblar ki, şou yaratsınlar”, - deyə qonşular bildirirlər.
 
Xoşqədəmin “zəncirlənmiş oğlan” əhvalatı da qurama çıxdı-
 
Çaxırlı kəndinin bələdiyyə sədri Vahid Cəlilov da virtualaz.org-a açıqlamasında qadın haqqında efirə gedən məlumatın yalan olduğunu bildirdi. Bələdiyyə sədrinin sözlərinə görə, İ. Rzayev əvvəllər tamamilə sağlam olub, yalnız hərbi xidmətə gedəndən sonra səhhətində problemlər yaranıb.
 
“Bu uşağın əvvəllər problem olmayıb. 13 il əvvəl əsgərliyə gedəndən sonra səhhətində problemlər yaranıb. Tək qalanda evi yandırır, baş götürüb gedir, harasa ziyanlıq vurur. Efirdə yalandan göstəriblər ki, guya anası onu 20 ildir ki, zəncirləyir. Zəncirlənən adamın ayağında zəncirin izi olar. Anası tək adamdır, gedir mağazadan çörək alsın, məcburdur ki, beş dəqiqə evə qayıdana kimi onu bağlasın. Bu uşaq xəstədir, müalicə olunur, polisdə də qeydiyyatdadır. Yalandan bu hadisəni şişirdib şou düzəldiblər”, - deyə bələdiyyə sədri bildirir.
 
Qadının aldadılaraq efirə çıxarıldığı və bundan şou düzəldildiyini icra hakimiyyətindən də təsdiqləyiblər. Masallı Rayon İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Bəşirov virtualaz.org-a açıqlamasında bildirdi ki, əslində anası ruhi xəstə olan oğluna çox yaxşı baxırmış.
 
“Həmin veriliş şou xarakterli hazırlanıb, qadını və oğlunu kənddən Bakıya aparanda da onlara yalan məlumat verilib. Şəhla xanıma oğlunu müalicə məqsədilə Bakıya apardıqlarını deyiblər. Qadın da onların səmimiyyətinə inanıb. Oğlanı Bilgəhdə xəstəxanaya yerləşdiriblər. Anaya sonradan məlum olub ki, oğlunu müalicə etdirmək yox, telelayihə üçün gətiriblər. Ona görə də qadın qohumlarına zəng edib və onların köməyi ilə uşağı xəstəxanadan çıxarıb, rayona gətirib”, - deyə icra rəsmisi bildirir.
 
Xoşqədəmin “zəncirlənmiş oğlan” əhvalatı da qurama çıxdı-
 
Ananın oğlunun ayaqlarını zəncirləməsinə gəldikdə, C.Bəşirov bildirib ki, o ruhi xəstə olduğundan evi yandırmağa cəhd etməsin deyə belə bir addım atılıb: “Valideynləri tərəfindən ona heç zaman zorakılıq edilməyib. Hətta xəstəliyini əvvəl müalicə etdiriblər. Lakin tam sağalacağı ilə bağlı həkimlər söz verməyib. Anası daim qulluğunda durur. O ailənin tək oğludur. İllər əvvəl onun ruhi dispanserə yerləşdirilməsi ilə bağlı təklif olmuşdu, anası buna qəti şəkildə qarşı çıxdı. O, övladına özü baxmaqda israrlıdır. Çəkiliş üçün gələndə də ailəni aldadıb aparıblar, oğlunu tam müalicə etdirəcəklərini deyiblər”.
 
Oğlanın saxlandığı yerə gəldikdə, icra nümayəndəsi ailənin yaşadığı evin də elə vəziyyətdə olduğunu deyib: “Ailə o qədər də imkanlı deyil, özlərinin də yaşadığı yer eyni vəziyyətdədir. O birbaşa edilən çəkiliş deyil. Çəkilişdən əvvəl ailə ilə danışıb, çəkilişi razılaşdırıblar. Lakin onlara bu çəkilişin uşağı müalicə etdirmək məqsədilə edildiyini deyiblər. Anaya bildiriblər ki, şənbə günü olduğundan müvəqqəti Bilgəhdəki xəstəxanaya yerləşdirilir. Həftənin 1-ci günü başqa bir xəstəxanada müalicəsini davam etdirəcəyini deyiblər. Ananın bizə verdiyi məlumata görə o, aldadıldığını xəstəxana əməkdaşlarının suallarından sonra başa düşüb. Onlar ananın oğluna yaxşı baxmadığı, zorakılıq etdiyi barədə yayılan məlumatlardan danışıblar. Bundan sonra, ana hər şeyi başa düşüb”.
 
Xatırladaq ki, daha əvvəl də Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişi ilə bağlı qalmaqal ortaya çıxmışdı. Verilişin kadrarxası görüntülərindən məlum olmuşdu ki, çəkilişlər zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə edilir. Efirə çıxarılacaq “qəhrəmanlar” başqa formada təqdim olunur və tamaşaçı aldadılır. Hətta görüntülərdən birində efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim belə “qəhrəman”ı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir.
 
RePost.Az
 

Baxış sayı: 3789 | Tarix: 22.09.2017
Bizi Telegramda izləyin: @repostaz