Bakının Suraxanı rayonunda valideynlər və şagirdlər aksiya keçirib.
 
RePost.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, onlar Bülbülə qəsəbəsində yerləşən şəhid Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəbin qəzalı vəziyyətdə olmasına etiraz edib.
 
Valideynlər və şagirdlər bu gün səhər saatlarında məktəbin adını daşıdığı şəhidin məzarını ziyarət edib və təhsil müəssisəsinin həyətində aksiya keçiriblər. Onlar məktəbin əsaslı təmir olunmasını tələb ediblər.
 
“Tikildiyi gündən bu yana 1 dəfə də olsun əsaslı təmir olunmayıb, dam örtüyü uçub. Məktəb təmamilə qəzalı vəziyyətdədir. 3-cü mərtəbəyə çıxanda əsən küləkdən dam örtüyü sallanır” – şəhidin bacısı Səkinə adlı valideyn belə deyib. O bildirib ki, təhsil müəssisəsinin hasarının bir hissəsi təmamilə dağılıb. Məktəbin idman zalının ötən il baş verən yanğından sonra yararsız vəziyyətə düşdüyü qeyd edilir.
 
Valideyn deyir ki, təhsil müəssisənin həyətində qoyunlar otlayır.
 
Sakinlər məsələ ilə bağlı Təhsil Nazirliyinə dəfələrlə müraciət etdiyini deyir. Onlar isə büdcədə pulun olmadığını əsas gətiriblər və məktəbin təmir ediləcəyini söyləyiblər.
 
2014-cü ildə şagirdlər qəsəbədə yerləşən digər – 140 nömrəli məktəbə göndərilib, amma həmin təhsil müəssisəsində sıxlıq yaranıb.
 
Məktəblilər bədən tərbiyəsi dərslərini idman zalında keçə bilmirlər.
 
Səkinə xanım söyləyib ki, təhsil müəssisəsi 1937-1938-ci ildən 2014-cü ilə qədər fəaliyyət göstərib.
 
Qeyd edək ki, məktəbin adını daşıdığı şəhid Nəriman Həmidov 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olub.
 
RePost.Az

Baxış sayı: 5366 | Tarix: 25.09.2017
Bizi Telegramda izləyin: @repostaz