Azərbaycan Yazıçılar Birliyi bu qurumun Qubadlı bölməsinin yaradılması və ona sədr "seçilməsi" ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
RePost.Az axşam.az-a istinadən birliyin bu barədə açıqlamasını təqdim edir:
"Ötən gün Azərbaycan Yazıçılar Birliyinin Qubadlı bölməsinin yaradılması və ona sədr "seçilməsi" ilə bağlı jurnalistlərin ünvanladığı suallara AYB mətbuat xidməti münasibət bildirərək yayılmış xəbərin həqiqəti əks etdirmədiyini və AYB Katibliyində belə bir qərarın qəbul olunmadığını bildirmişdi. Ancaq bəzi saytlar hər zaman olduğu kimi Yazıçılar Birliyinə düşmən münasibət bildirərək yazıçı saydıqları bir neçə mənasız (!) adamın yalan və böhtanlarını yaymağa başladılar.
Belə bəyanatlarla bu adamlar yalnız öz yaradıcılıq iflasını göstərir, özlərini biabır edirlər. Bu abırsız böhtanlara görə həmin şəxsləri məhkəməyə verə bilərdik, amma onların bütün varlıqları məhkəməyə göndəriləcək bir vərəq kağıza da dəyməz.
Əvvəlki böhtanlarına görə məhkəmə qorxusundan üzrxahlıq məktubu yazanlar yenə də yalvar-yaxarla bağışlanacaqlarına arxayın olmasalar yaxşı olar".
RePost.Az