“Azərbaycanda çarşaba bürünən azyaşlı uşaqların İmam Hüseyn müsibəti ilə bağlı təşkil olunan dini mərasimlərə cəlb edilməsindən İŞİD terror təşkilatı öz məqsədləri üçün istifadə edə bilər”.
 
RePost.Az-ın məlumatına görə, bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Milli Məclisin (MM) deputatı, eyni zamanda MM regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, keçmiş dövlət müşaviri Arif Rəhimzadə bildirib. 
 
A.Rəhimzadə deyib ki, İŞİD terror təşkilatı hər şeydən sui-istifadə edirsə, təbii ki, belə məqamlardan da istifadə edə bilər:
 
“Ona görə də azyaşlı uşaqları İmam Hüseyn müsibəti ilə bağlı təşkil olunan mərasimlərə cəlb etmək düzgün deyil. Bu məsələ ilə bağlı bir neçə deputat həmkarlarım da fikir söyləyib. Mən onların fikirləri ilə razıyam. Bir yaşında uşağın İmam Hüseyn müsibəti mərasimlərinə cəlb edilməsi doğru hərəkət deyil. 
Həmin uşaqlar böyüdükdən sonra onların sərbəst seçimi üçün imkan yaradılmalıdır. İndidən azyaşlı uşaqları belə mərasimlərə cəlb etmək düzgün addım deyil”.
 
Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc çıxışı zamanı azyaşlı uşaqların hicaba və çarşaba bürünməsinə qarşı olduğunu bildirib:
 
“Bu gün hicaba, çarşaba bürünən uşaqlardan sabah Suriyaya göndərilən kamikadzelər yetişəcək”.
 
RePost.Az

Baxış sayı: 3979 | Tarix: 02.10.2017
Bizi Telegramda izləyin: @repostaz