Beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan miqrantların cəmiyyətə inteqrasiyası məsələsi son illər Azərbaycana gələn miqrant axını fonunda həm maraqlı, həm də mühüm əhəmiyyət kəsb edir.
 
Məhz bu səbəbdən “Həyat” Humanitar Dəstək İctimai Birliyi Dövlət Miqrasiya Xidmətinin Bakı regional miqrasiya idarəsində “Miqrantların cəmiyyətə inteqrasiyası: problemlər və perspektivlər” mövzusunda ictimai müzakirə təşkil edib. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın fəal dəstəyi ilə təşkil olunan həmin tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Miqrantların Azərbaycan cəmiyyətinə səmərəli inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində keçirilib.
 
Müzakirənin məqsədi barədə danışan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şurasının sədri Azər Allahverənov bildirib ki, ümumdünya miqyasında miqrantların inteqrasiyası miqrasiya proseslərinin idarə olunması ilə məşğul olan maraqlı tərəfləri xüsusilə narahat edən məsələlər sırasına daxildir. Inteqrasiya məsələsi ən azından ona görə diqqət mərkəzindədir ki, bu proses həm çoxşaxəli və mürəkkəbdir, həm də bəzi miqrant qrupları (məsələn, dini icma təmsilçiləri) üçün bir qədər ağırdır. Məhz bu səbəbdən miqrantların inteqrasiyasının effektiv və səmərəli şəkildə həyata keçirmək istəyən dairələr bütün tərəflərin, o cümlədən miqrant kateqoriyasına aid edilən şəxslərin maraqlarını nəzərə alan inteqrasiya modelinin yaradılmasına nail olmalıdırlar. Şura sədri Azərbaycanda da bu sahədə həyata keçirilən miqrasiya siyasətində müasir inteqrasiya proseslərinin bu elementlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.
 
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Proqram şöbəsinin müdir müavini Nərmin Osmanlı  miqrant kateqoriyasına aid edilən qaçqınların peşə hazırlığı və əmək fəaliyyətinin aktual məsələləri barədə danışıb və qeyd edib ki, həmin qrupdan olan şəxslər işə düzələn zaman işverən şirkətlər onlarn qarşısında sərt tələblər qoyur. Həmin tələblər əsasən işə götürülən əcnəbilərə şamil olunan qaydalardan ibarət olur. BMTQAK rəsmisi bildirib ki, həmin qaydalar tətbiq olunan zaman qaçqınların həssas qrup olması xüsusilə nəzərə alınmalıdır. 
 
Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova  qanunvericilikdə qaçqınlarla bağlı tətbiq olunan bir çox güzəştlər barədə söz açıb və bildirib ki, əcnəbilərə qarşı tətbiq olunan cərimə sanksiyalarına nəzər salınsa, çox rahat şəkildə aşkar etmək olar ki, miqrasiya qanunvericiliyində əksini tapmış qaydalarla bağlı qaçqınların obyektiv və subyektiv səbəblər ucbatından yol verdikləri inzibati xətalara görə çox az hallarda cərimə sanksiyasına məruz qalırlar. Bu da onlarla münasibətdə dövlət siyasətinin daha loyal olduğunu təsdiq edən məqamdır. 
 
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ailədaxili zorakılığa məruz qalan miqrant-qadınların ölkədən çıxan zaman rastlaşdıqları problemlər barədə danışıb. Birlik sədri vurğulayıb ki, zorakılıq qurbanı olmuş həmin qadınların bir çoxu Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq, burada qalmaq istəyirlər. Amma ilk əvvəl onların miqrant olaraq hüquqi vəziyyəti müəyyən edilməli və ailədaxili zorakılıq qurbanları üçün nəzərdə tutulan kompleks xidmət paketlərinə çıxışı təmin edilməlidir.  
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzinin (Avstriya) Azərbaycandakı ofisi tərəfindən icra olunan “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE)” layihəsinin müşaviri Səltənət Məmmədova repatriasiya olunmuş şəxslərin sosial xidmətlərə çıxışının təmin olunması üçün zəruri mexanizmin vacibliyi barədə danışıb. Müşavir əlaqədar dövlət qurumlarının nümayəndələrinin daxil olduğu İnteqrasiya üzrə İşçi Qrupu tərəfindən bu istiqamətdə müəyyən işlərin həyata keçirildiyini və  bir sıra müsbət nəticələrin artıq əldə olunduğunu bildirib. 
 
Vətəndaş cəmiyyəti təmsilçiləri Mehriban Abdullayeva, Kəmalə Ağayeva, Xəzangül Mövsumova, jurnalist Könül Quliyevə və digərləri miqrantların cəmiyyətə inteqrasiyasının vacibliyini qeyd ediblər və bu sahədə aktuallığı ilə xarakterizə edilən bir sıra məsələlərin cəmiyyətdə müntəzəm müzakirəsinə ehtiyacı olduğunu bildiriblər. 
 
RePost.Az

Baxış sayı: 3694 | Tarix: 09.10.2017
Bizi Telegramda izləyin: @repostaz