Dərmanların qiymətinə yenidən baxılması ilə əlaqədar 2 aylıq müddət şərti ləğv edilib, özəl xəstəxanalara daha aşağı qiymətə dərmanlar almaq hüququ verilib
 
Nazirlər Kabineti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na dəyişikliklər edib.
 
RePost.az APA-ya istinadən verdiyi məlumata görə, Qaydaya əsasən Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
 
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir. İndiyə qədər dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti qiymət bəyannaməsi verilən tarixə ABŞ dollarının Mərkəzi Bankın rəsmi internet saytındakı məzənnəsi və nəzarət markasının qiyməti nəzərə alınmaqla bazis qiymət əsasında hesablanan qiymət olub. Dəyişikliyə əsasən dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti Şura tərəfindən istinad üçün müəyyən edilən tarixə milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsi, Mərkəzi Bank tərəfindən təsbit edilən satış məzənnəsi üçün yuxarı hədd və nəzarət markasının qiyməti nəzərə alınmaqla bazis qiymət əsasında hesablanan qiymət olacaq.
 
Qaydaya əsasən dərman vasitəsinin topdan və pərakəndə satış qiymətləri Şura tərəfindən ƏDV daxil olmaqla təsdiq edilir. Növbəti dəyişiklik bu sahədə tələbin bütün vergi ödəyiciləri üçün mütləq olduğunu əks etdirir. Başqa sözlə, vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi və ya ƏDV ödəyicisi olmasından asılı olmayaraq, dərman vasitələrinin topdan və pərakəndə satışı həmin qiymətlərlə həyata keçiriləcək.
 
Mövcud Qaydaya görə hazırda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və ya həmin qiymətlərdə dəyişikliklər edilməsi məsələsinə Şura tərəfindən rübdə bir dəfə baxılmalıdır. Şuranın öz təşəbbüsü ilə və ya bu Qaydada nəzərdə tutulmuş hallarda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsinə Şura tərəfindən növbədənkənar qaydada baxılır. Milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsində 5 faizdən artıq dəyişmələr olduqda və bu hal 2 aydan artıq müddətdə davam etdikdə, Şuranın təşəbbüsü ilə qiymətlərə növbədənkənar qaydada yenidən baxılır. Dəyişikliyə əsasən dərmanların qiymətinə yenidən baxılması ilə əlaqədar 2 aylıq müddət şərti ləğv edilib. Başqa sözlə, Milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsində 5 faizdən artıq dəyişmələr olduqda, Şuranın təşəbbüsü ilə qiymətlərə növbədənkənar qaydada yenidən baxılacaq.
 
Dərman vasitələrinin tənzimlənən topdansatış qiymətlərindən aşağı qiymət təklif olunmasına dair prosedur da dəyişib. Hazırda dövlət satınalmaları zamanı tənzimlənən topdansatış qiymətlərindən aşağı qiymət təklif oluna bilər. Dəyişikliyə əsasən isə  artıq dövlət büdcəsindən maliyyələşdirilməyən tibb müəssisələri tərəfindən dərman vasitələri satın alınarkən də dövlət satınalmaları zamanı tənzimlənən topdansatış qiymətlərindən aşağı qiymət təklif oluna biləcək. 
 
RePost.az
 
 

Baxış sayı: 3276 | Tarix: 21.12.2016
Bizi Telegramda izləyin: @repostaz