O, çoxlarına  “Qayınana” , “Üç bacı” kimi milli seriallarımızdan  tanışdır. Bundan əlavə bir çox reklam filmində, tv proqramlarında aparıcı kimi çıxış etsə də ulduznunun “ Oğlan evi” filmi ilə parladığını desək yanılmarıq. Söhbət  səs ahəngi, tərzi, özünəməxsusluğu, istedadı ilə fərqlnən aktyor Kənan İsmayılovdan gedir.


RePost.Az gənc aktyorla müsahibəni təqdim edir.


-Kənan İsmayılov. 25 yaşında, sənətə bağlı, iddialı bir aktyor...

-Bəli...

- Niyə aktyor olmaq istədiniz?

- Mən də bütün uşaqlar kimi fikirdən-fikrə düşürdüm. Gah müəllim olmaq,  gah həkim , gah da polis olmaq istəyirdim. Sonra zaman keçdikcə gördüm ki, insanın daxili aləmi, ruhunun qidası var. Mən o qidanı öz sahəmdə- incəsənət sahəsində tapdım. Bəzən dəhşətli dərəcədə sıxılıram , günlərlə başım ağrıyır. Belə məqamda gedirəm sevdiyim bir tamaşaya baxıram, sanki rahatlayıram. Hətta bu aləmdə olanda saatlarla ac-susuz dolanıram. Dediyim kimi seçdiyi peşə insanın ruhunun qidası olmalıdır.

-  “Oğlan evi” uğurlu film oldu.  Çəkildiyin ilk film idi?

-   Bu filmdən əvvəl  mən “Qayınana”, “Üç bacı” seriallarında qonaq aktyor qismində iştirak etmişdim. Amma film olaraq bəli, ilk filmim idi.  Belə demək səhv anlaşılmasın, amma özümü təsdiq etməkdə təkan olan bir film oldu. 

-  “Oğlan evi”nə kimin dəvəti ilə çəkildiniz?

- Kast direktoru Səbinə Həsənova və rejissor İlham Qasımovun dəvəti ilə getdim. Çox təşəkkür edirəm verdikləri dəyər üçün.  Sözün düzü ilk dəfə dəfə o rol mənə təklif olunanda  bir az yad gəldiyi üçün mənə tərəddüd etdim. Amma şükürlər olsun ki, öhdəsindən gəldim.

- Filmdə Oliqarx bir adamın ədalətli, saf oğlusunuz. Belə çıxır ki, həyatda belə deyilsiniz?

- Yox. ( gülür). Ədalətliyəm sadəcə filmdəki obraz həddindən artıq safdır. Mən həyatda o qədərdə saflığın tərəfdarı deyiləm.


- Aktyorluq öz xarakterinə yad bir obrazı yaratmağı tələb etmirmi?

-Doğrudur. Amma öz xarakterinə uyun olanda daha rahat olur oynamaq.

- Deyirsiniz ki, çətinin öhdəsindən gəlmişəm ?

- (Gülür). Yox elə də demirəm.  Heç tərəddüd etdiyimi də heç kimə bildirmədim. Sadəcə özüm fikirləşirdim ki, “papnın gül balası” rolunu necə canlandırmaq olar. Çox şükür ki, çox uğurlu alındı həm yaratdığım obraz, həm də elə film.

-  Bu gün kifayət qədər tanınan, müəyyən qədər sevilən həmkarlarınız var.  Sizcə hamısı istedadları ilə bu mərhələyə çatıblar?

- Yaralı məqama toxundunuz. Hər kəs bilir ki, heç də hamı öz istedadı ilə bu gün irəlidə deyil. Bilirsiniz bu məsələdə bəzi  rejissorları qınamaq yerinə düşər.  Belə deyim də, harda təhsil almış olursa olsun, nə qədər tanınmış, ya da özünü nə qədər peşəkar sayırsa saysın, əgər bir rejissor işə yaramayan birini sırf münasibəti var deyə filminə çəkirsə orda peşəkarlıqdan, istedatdan söhbət gedə bilməz. 

- Filmdən sonra başqa iş dəvətləri almadınız?

-  Oldu. Bir çox rejissorlardan dəvət aldım , bəyəndiklərini bildirdilər, alqışladılar. Bəziləri isə bundan sonra “bizimləsən” ,- dedilər, amma sonra heç kimdən səs çıxmadı.

- Hal-hazırda nə işlə məşğulsunuz?

- Hal-hazırda dublaj fəaliyyəti ilə məşğulam. Reklam, film, cizgi filmlərində müxtəlif obrazlar səsləndirirəm. Müəyyən tədbirlərdə də aparıcılıq edirəm.  

- Belə deyək ki, yolun əvvəlindəsiniz hələ. Çox zaman bir işə başlayanda bir çoxları tərəfindn aldadıldığımız olur. Bir gənc aktyor olaraq qarşılaşmısınız belə şeylərlə?

- Çox. Deyirlər ki, sənət adamı gərək pulu düşünməsin, yaradıcılıqla məşğul olsun. Amma bu sənətkarı da yetişdirmək üçün müəyyən şeylər gərəkdir. Bu gün Azərbaycanda aktyora o məvacib verilmir ki, özünü yetişdirmək üçün nələrsə etsin. Aktyor da ailəsini, özünü dolandırmalıdır. Amma indi elə bir məqamdır ki, Azərbaycanda aktyorlar sənət üçün yox , yaşamaq üçün mübariuz aparır. İstedadı olan da ya sənətdən gedir, ya da azla çox iş görməyə məcbur olur.  Ona görə də incəsənətimizdə böyük bir boşluq var. Aldadılmaq da elə bu məsələnin başındadı. Dəfələrlə olub ki, reklam təklifi almışam, qonarar məsələsinə gəldikdə problem yaranır, bu məsələdə minnətlə cavab verirlər.

- Bəs olub ki, iş baş tutub, lakin haqqınızı ala bilməmisiniz?

- Olub. İşləyib haqqımı ala bilmdiyim də olub, hətta tanışlıqdan istifadə edib çox səviyyəsiz həərəkətlər edənlər olub.  “Pulunu verə bilmirəm “ demək əvəzinə qaçıb, aradan çıxıblar.

- Peşman olmusunuz bu sahəyə gəldiiyniz üçün?

- Yox, əsla peşman deyiləm. Mən istirahətimi də bu işdə görürəm. Sadəcə bayaqdan sadaladığmız bu xoşagəlməz vəziyyətlər aradan qalxsa, hər kəs öz işini peşəkarlıqla yerin yetirməyə çalışsa hər şey yaxşı olacaq .  Mən çox istəyirəm ki, incəsənətimizdəki o boşluğu sənətimizlə dolduraq.

- Xaricdən təklif gəlsə getmək istəyərsiniz?

- Bəli gedərəm.

- Deyirsiniz Azərbaycan incəsənətində boşluq var, bəs hər kəs yalnız maddi durumu düşünərək gedirsə bu boşluğu kim doldursun?

-  Söz yox ki, Azərbaycanda yetişmək, öz incsənətimizə xidmət etmək istəyirəm. Lakin qoyun fikrimi belə izah edim: keyfiyyətli bir toxumu biri var qara torpağa əkirsən, biri var şoran torpağa. Təbii ki, şoran torpaqda heç nə bitməyəcək.  Amma mən ümidsiz deyiləm.  Düzüdür, bir az gileyləndik, yarasız insanlardan danışdım, amma bizim kifayət qədər sənətə, gənc istedadlı aktyorlarımıza qiymət verən rejissorlarımız, sənət adamlarımız var. Məncə nə qədər ki, onlar var, ümidli olmalıyıq.


Baxış sayı: 5841 | Tarix: 16.10.2017
Bizi Telegramda izləyin: @repostaz