Gənc və cazibədar aktrisa Zarina Qurbanovanın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Şans, istedad, yoxsa gözəllik? Bunların hansı sənə yol açıb?

– Şansla istedad. İş həyatımda çox şanslıyam. Hansı işə əl uzadıramsa, dərhal uğur qazanıram. Amma şəxsi həyatımda bəxtim gətirmir. Anam da tez-tez deyir ki, qızım, adamda bəxt yaxşı şeydir.

– Bəxtindən niyə gileylənirsən ki, maşallah, gözəl-göyçək qızsan.

– Həyatda gözəl olmaq önəmli deyil. 16-17 yaşında qızlar var ki, min oyundan çıxıb, özlərinə yol açır. Bu, xüsusi istedaddır, məndə yoxdur. Şəxsi həyatda qabağa getmək üçün başqa qabiliyyətin olmalıdır.

– İstərdinmi sənin də belə “istedad”ın olsun?

– Əvvəllər istəyirdim, indi yox. Çünki mən də elələrindən olsaydım, təbiiliyimi, səmimiyyətimi itirəcəkdim. İş həyatımda qabağa gedə bilməzdim. Deyilənə görə, məni irəli aparan təbiiliyimdir. Elələrinin isə içi çoxdan xərclənib.

– Yəni demək istəyirsən ki, ağıllı olmaq o qədər də işə yaramır? Belə də deyirlər ki, ağıllı qız evdə qalar.

– İstəsəm ailə də quraram. Amma gərək hiss edəm ki, o adam mənim yarımdır. Hələ bunu mənə hiss etdirən adam olmayıb.

– O yarını bir vəsf elə görək?

– O yar çox səmimi, mənim kimi çılğın və həyat eşqi ilə dolu bir adamdır. Mən neqativ və qanımı içən insanları sevmirəm.

– Bəs pulu, varı necə?

– Mən 16 yaşımdan özümü dolandıran qız olmuşam. Heç ailəmin köməyinə ehtiyacım qalmayıb. Mənim üçün önəmli olan pul yox, insanlıqdır. Qarşılıqlı anlaşma olanda pul da gəlir, bərəkət də olur. Bu gün Azərbaycan ailələrinin 90 faizi problemlidir. Evlənmək xatirinə sevgisiz-filansız evlənirlər, axırda da ailə dağılır.

– Zarina, heç həyatda rol oynamaq kimi bir cəhdin olubmu, yəni “mən də bir risk edim, görüm nəticəsi necə olur”, deyə?

– Əslində oynasaydım, indi kiminsə sevgilisi olardım, pula pul deməzdim. Sadəcə olaraq, mən bunu bacarmıram. Sənət aləmində də bu problem var. Bir filmə çəkilmək üçün rejissor üçün əldən-ayaqdan gedənlər var. Amma həmin adamın arxasınca nələr danışırlar. İndiyə qədər filminə çəksin deyə, heç bir rejissora yalandan “canım”, “həyatım” deməmişəm.

– Kimsə sənə “məşuqəm ol” deyə təkliflər edibmi?

– Əvvəllər olub. Lakin razılıq verməmişəm. İnd idə qorxduqları üçün mənə belə təkliflər olunmur. Bilirlər rədd edəcəm. Çünki ikinci planda olmaq mənlik deyil.

– Kimlərdir onlar, hansı təbəqədəndir?

– Bütün təbəqədən var – məmurlar, hacılar, sənət adamları… 18 yaşımda mənə çox tanınmış bir hacı intim mesajlar yazmışdı. Təklif edirdi ki, məşuqəsi olum, əvəzində məni irəli çəksin. Mən mesencerdə ona ağzıma gələni dedim. Başqa vaxt əxlaqdan, mentalitetdən danışan dindarlardan elə sözlər eşitmişəm ki, şoka düşmüşəm. Hansı ki, başqa vaxt mənə “ay qızım abırlı-həyalı geyin”, “belə otur-belə dur” deyiblər. Amma qorxularından mənə pis təkliflər etmirlər, bilirlər ki, həyasızam, onları el içində biabır edəcəm.

– Keçən dəfə saytımıza açıqlamanda demişdin ki, qohum-əqrəba sənə görə çox narahatdır. Hətta deyirlər ki, bu qızı kim alacaq?

– Əvvəllər çox deyirdilər, çünki bizim nəsil dindarlardan ibarətdir. Bu nəsildə yeganə aktrisa da mənəm. Bizdə “aktrisa” deyəndə elə bilirlər ki, hamısı əxlaqsızdır. Elə deyil. Söz yox ki, mən də bilirəm ki, bəzi aktrisalar irəli getmək, filmə çəkilmək üçün nə oyunlardan çıxırlar. Artıq milləti heç qınamıram da. Mən heç bir rejissora pul verib, filmə çəkilməmişəm. Amma verənlər var.

– İndi deyirsən rejissoru saxlayan aktrisalar da var?

– İndi alfonsluq bizim ölkədə dəbdədir. İstifadə olunan qadınlar çoxdur. İndi kişilərin bəziləri aşınıb, qadın pulu hesabına bərkgedən kişilər var.

– Bizim aktrisalarımız nədənsə, erotik səhnələrə çəkilməkdən imtina edir. Bəs sən necə, belə cəsur səhnələrə çəkilərsən?

– Ssenari tələb edirsə, olar. Amma Azərbaycanda çəkilmərəm. Çünki məni düzgün başa düşməyəcəklər. Adi bir müsahibə verirəm, altında nələr yazırlar.

– Məsələn…

– Ay nə bilim qonşumuzdur, dünən filankəsin maşınından düşdü və s. Biri irəli getdisə, ayağından çəkirlər. Amma xarici ölkədə sənət adamına dəyər verilir, oynadığı rola görə yaxşı qonorar alır və s.

– Xarici ölkə demişkən, eşitdik İran rejissorunun filminə çəkilmisən.

– İran rejissoru Babək Şirinsifətin filmində Nərmin rolunda çəkilirəm, özü də Elməddin Cəfərovla birgə. Bu obraza görə imicimi də dəyişiblər. Görmürsünüz, saçımı sarı rəngə boyayıblar, gözlərimə linza taxmışam? Bu film həm İranda, həm də Azərbaycanda nümayiş olunacaq.

– İranlı rejissorun qadağaları oldumu?

– Geyimlər çox bağlıdır. Filmdə çılğın, həyatdolu azərbaycanlı qızının obrazını canlandırıram. “Ailəcanlı” adlı milli serialda da rol almışam. Ərini qısqanan, həyasız bir qadın obrazı yaratmışam. Elə bilirdim qəbul edilməyəcək. Amma tamaşaçı obrazımı sevdi. Hətta deyirlər ki, bu nə şirin həyasızdır?!

– Qısqancsan?

– Çox qısqancam, amma heç vaxt biruzə vermirəm. Çünki çox qürurluyam.

– Bəzi həmkarların qabağa getmək üçün magiyadan, cadudan istifadə edir. Bəs sən?

– Bu yaxınlarda təsadüfən başıma bir hadisə gəldi. Qızlar bir falçı çağırdılar. O, dedi ki, sənin bütün yolların bir həmkarının əli ilə bağlanıb. Amma mən elə şeylərə inanmıram.

– Bəs gözə, nəzərə necə, inanırsan?

– Gözə tez gəlirəm. Bu yaxınlarda çəkiliş zamanı bir baxışdan ağzıüstə yerə yıxıldım.

– Nəzərdən qorunmaq üçün neynirsən?

– Məscidə və kilsəyə gedirəm. Şam yandırıb, Allahla danışıram.

– Xristian oğlanla ailə qurardın?

– Artıq bu qərara gəlmişəm ki, əcnəbi ilə ailə qurum. Bizim oğlanlar qeyri-səmimidirlər. Avropalı oğlanlar isə daha səmimidir, düşüncələrini səmimi olaraq paylaşır.

RePost.Az


Baxış sayı: 5708 | Tarix: 18.10.2017
Bizi Telegramda izləyin: @repostaz