"Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibəti ilə sizi təbrik edirəm. Bu təntənəli mərasimə qardaş, dost ölkələrdən qonaqlar gəlib. Burada Türkiyə prezidenti, Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirləri, Tacikistan və Qırğızıstandan nümayəndələr iştirak edir. Bunun özü layihənin əhəmiyyətini təsdiqləyir".
 
RePost.Az-ın məlumatına görə, bunu bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Azərbaycan prezidenti İlham Əliyev deyib.
 
Prezident bildirib ki, bu, tarixi, strateji əhəmiyyətli layihədir: "Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. İlk mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon ton yükün daşınması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yol sabitliyə, təhlükəsizliyə xidmət edəcək, qarşılıqlı sərmayə artacaq, turizm inkişaf edəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq. Bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını etmişik. Bu kəmər Xəzər dənizini Aralıq dənizini birləşdirən infrastruktur layihəsidir. Bu neftlə Xəzərin şərq hissəsindən də neft ixrac edilir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri də 3 ölkənin əməkdaşlığı nəticəsində inşa olunub və 10 ildir, uğurla fəaliyyət göstərir. Bu üç ölkə elektrik xətlərini də birləşdirib".
 
Dövlət başçısı qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycan, Türkiyə və Gürcüstanın dostluğunun, qardaşlığının nəticəsidir: "Bu ölkələr bölgə və dünya üçün əhəmiyyətli layihələr ərsəyə gətirir. Hazırda Cənub Qaz Dəhlizi uğurla icra olunur. TAP layihəsinin icrası 60 faizə yaxındır. Əvvəllər neft-qaz sahəsində layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars dəmir yolu barədə ancaq danışa bilərdik".
 
RePost.Az
 

Baxış sayı: 3675 | Tarix: 30.10.2017
Bizi Telegramda izləyin: @repostaz