Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun fəaliyyətə başlaması Azərbaycanın beynəlxalq önəmini daha da artırdı

Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın beynəlxalq mövqeləri ildən ilə genişlənir. Avropa eləcə də Asiya ölkələrinin Azərbaycanla əlaqələri bütövlükdə bu cografi arealda sülhün, sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasına yönəlib. Azərbaycanın Cənubi Qafqaz regionunda aparıcı rola malik olması ölkəmizlə bütün sahələrdə əməkdaşlığa olan marağı artırır. Ölkəmiz hazırda mühüm tranzit daşımalarında əsas tərəfdaşlarından biri kimi qəbul edilir.

Qlobal tranzit daşımalarında ölkəmizin mövqeyinin ildən-ilə möhkəmlənməsi böyük perspektivlərdən xəbər verir. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı tranzit daşımalarının həcminin artmasına və ölkəmizin regional nəqliyyat-logistika mərkəzinə çevrilməsinə gətirib çıxarıb. Nəqliyyat sektorunun müasirləşdirilməsi ilə Azərbaycanın tranzit potensialının inkişafı daşımalardan daxil olan gəlirlərin artmasına, ticarətin inkişafına, ölkəyə gələn turist axınlarının sayının artmasına şərait yaradacaq, o cümlədən bizim ölkəmizi dünyada daha çox tanıdacaq.

Nəqliyyat sahəsində əməkdaşlığın aparılması üçün çox yaxşı perspektivlər mövcuddur. Azərbaycan dövləti Çin tərəfindən irəli sürülmüş İpək Yolu iqtisadi kəmərinin yaradılması təşəbbüsünü tam dəstəkləyir. Ulu öndərin ölkənin tranzit potensialının reallaşdırılmasına dair siyasəti  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilir, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilir. Xəzər hövzəsində ən böyük ticarət limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası , Bakıda və ölkə regionlarında beynəlxalq hava limanlarının tikintisi, müasir avtomobil yolları şəbəkəsinin yaradılması Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir, digər dəhlizlərlə müqayisədə yüklərin Azərbaycan ərazisindən keçməklə daha əlverişli şərtlərlə, yəni qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradır.

Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisinə dair saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub.Bu günlərdə BTQ-nin möhtəşəm açılışı da aparılan siyasətin məntiqi nəticəsi oldu. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstan Baş naziri Georgi Kvirikaşvili, Özbəkistan Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində  çıxış edərək deyib: “Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bugünkü təntənəli mərasimdə qardaş, dost ölkələrdən qonaqlar gəlmişlər. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq”.

BTQ Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir və Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir. Bu layihə ölkəmizin beynəlxalq səviyyəli tranit və logistika mərkəzinə çevrildiyini göstərdi. Layihənin əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan olan BTQ Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənir. İqtisadi və siyasi əhəmiyyətinə görə bu layihəni Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı ilə də müqayisə etmək olar.

İlkin mərhələfə BTQ-nin buraxılış qabiliyyəti ildə 1 milyoh sərnişin və 6,5 millyon   yükə hesablanıb. Daşıma həcmi sonralar 17 milyon ton olacaq və sərnişin sayı 2 milyona çatacaq. Azərbaycanın ilk illərdə taranzitdən minimal gəliri 50 milyon dollar təşkil edəcək. İndi Bakıdan Türkiyənin Qars şəhərinə 16-17 saata, İstanbula şəhərinə isə iki gün yarıma çatmaq olacaq. BTQ-nin istismara verilməsi həmçinin Ermənistanın nəqliyyat izolyasiyasını da gücləndirir. Bütün transmilli layihələrdən təcrid olunan ışgalçı dövlət ac və səfillər ölkəsinə çevrilməkdədəir.

Ölkə başçısı İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir. Bu gün hər bir azərbaycanlı ürəkdən inanır ki, ölkədə həyata keçirilən neft siyasəti davamlı inkişaf və tərəqqi prosesini sürətləndirəcəkdir.

 

Baba TAGIYEV,

“İrəli Azərbaycan” İctimai Birliyinin Sədri


Baxış sayı: 3751 | Tarix: 01.11.2017
Bizi Telegramda izləyin: @repostaz