Sumqayıtda bir sıra xəstəxanaların baş həkimlərinə töhmət verilib. Məlumata görə, Sumqayıtın 1 nömrəli Şəhər xəstəxanasının baş həkimi Nazim Hüseynquliyevə, Sumqayıt şəhər 3 nömrəli poliklinikanın baş həkimi Ariz Axundova və Sumqayıt Psixiatriya xəstəxanasının baş həkimi Mail Tağıyevə töhmət, Sumqayıt şəhər akademik U.Musabəyli adına Rayonlararası Göz Xəstəxanasının baş həkimi İradə Əliyeva və şəhərdə fəaliyyət göstərən qadın məsləhətxanalarının baş həkimlərinə isə şiddətli töhmət verilib.

RePost.Az bildirir ki, Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev publika.az-a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, baş həkimlərin cəzalandırılmasının səbəbi işlərində yol verdikləri nöqsanlardır: “Səhiyyə Nazirliyinin müvafiq komissiyası Sumqayıt şəhərindəki tibb müəssisələrində yoxlamalar aparıb. Bu zaman işlərində nöqsanlara yol verən, sanitar normalara əməl etməyən xəstəxanalar müəyyən edilib. Həmin müəssisələrin rəhbərlərinə komissiyanın qərarı ilə töhmət verilib. Baş həkimlər də işində səhlənkarlığa yol verən işçiləri cəzalandıracaqlar.

Bu məsələni sensayiyaya çevirməyin mənası yoxdur. Həmin şəxslər işlərində nöqsanlara yol verib, müəssisələrdə sanitar norma və qaydalara əməl etməyiblər. Buna görə də cəzalandırılıblar. Sadəcə onlar özlərinə qarşı qərəzli mövqe nümayiş etdirildiyini düşünərək bu məlumatı kütləviləşdirirlər. Lakin qərar tam obyektivdir. Adı hallanan şəxslər hamısı işlərində nöqsanlara yol verdiklərinə görə töhmət alıblar. Yaxşı işləsələr, fəxri fərman da veriləcək. Bizim məqsədimiz budur ki, həmin müəssisələr səhlənkarlığa yol verməsin, sterilizasiya qaydalarını pozmasınlar. Bu həkimlərin işinə tamamilə pis deyə bilmərik. Onlar yaxşı işləyən həkimlərimizdir. Lakin bu, onlara imkan vermir ki, müəyyən qüsurlara yol versinlər. Həkim heç bir səhlənkarlığa yol verməməlidir. Həkimin səhvi bağışlanmamalıdır. Çünki, o insanla işləyir”.

N.Baxşəliyev bildirib ki, Sumqayıt Psixiatriya xəstəxanasının baş həkimi Mail Tağıyevin nöqsanlara görə vəzifədən azad edilməsi xəbəri yanlışdır: “Mail həkimin 68 yaşı var. Yaşı ilə əlaqədar olaraq yaxşı işləyə bilmirdi, işində nöqsanlara yol verirdi. Səhiyyə Nazirliyinin müvafiq Komissiyasının sonuncu yoxlamaları zamanı da işində qüsrlar aşkarlanıb töhmət verilmişdi. Bundan sonra Mail Tağıyev işdən azad edilməsi üçün özü ərizə yazıb. Biz də real vəziyyəti nəzərə alaraq ərizəsini qəbul etmişik”.


Baxış sayı: 3846 | Tarix: 02.11.2017
Bizi Telegramda izləyin: @repostaz