Ötən həftə FHN 2017-ci il iyunun 26-da Xəzərin Bilgəh qəsəbəsi ərazisində dənizə düşərək həlak olan model Günel Mirzəyevanın olduğu yaxtada millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundovun da olduğunu təsdiq edib. Sorğuya cavabda yaxtanın H. Axundova məxsus olduğu da bildirilib.
 
Bunun ardınca açıqlama verən E. Axundova deyilənlərin yalan olduğunu bildirib.
 
RePost.Az criminal.az-a istinadən xəbər verir ki, Günel Mirzəyeva ilə Həbib Axundovun əlaqəsinin olmasını təsdiqləyən digər bir faktı da aşkar edilib. G.Mirzəyevanın müəmmalı ölümünə qədər idarə etdiyi “Jeep Wrangler” markalı, “90 LL 333” dövlət nömrə nişanlı avtomobil də Həbib Axundovun olub.
 
Baş Dövlət Yol Polis İdarəsindən əldə edilən məlumata görə, Həbib Axundov qara rəngli “Jeep Wrangler” markalı avtomobili 2013-cü ilin dekabrında ipoteka yolu ilə alıb. Həmin vaxt avtomobilə “90 RR 111” nömrə nişanı da alınıb. 2013-cü ildən 2015-ci ilə qədər avtomobilin nömrə nişanı dəfələrlə dəyişdirilib, nişanda əsasən 111 sonluğu saxlanılıb. 2015-ci ilin avqustunda avtomobil H.Axundovun adından etibarnamə ilə G.Mirzəyevaya sürməyə verilib. Maşının üzərindəki “90 GS 111” nömrə nişanı həmin ilin dekabrında “90 LL 333” nömrəsinə dəyişdirilib. G.Mirzəyeva dünyasını dəyişənə qədər idarə etdiyi “Jeep Wrangler”markalı, “90 LL 333” nömrə nişanı avtomobilin üzərində olub.
 
Sabunçu Rayon Prokurorluğunda G.Mirzəyevanın ölüm faktı ilə bağlı başlanmış cinayət işinin hazırda hansı mərhələdə olması bilinmir.
 
RePost.Az

Baxış sayı: 3979 | Tarix: 06.11.2017
Bizi Telegramda izləyin: @repostaz