Rusiyanın Sankt-Peterburq şəhərinin İstintaq Komitəsi Leninqrad vilayəti üzrə Su-Kanal İdarəsinin ofisində axtarış keçirib. Bu idarənin rəisi azərbaycanlı Sayad Əliyevdir.
 
Virtualaz.org xəbər verir ki, bu gün dekabrın 21-də günün ikinci yarısında İstintaq Komitəsinin müstəntiqləri idarənin Sankt-Peterburqun Rastrelli meydanı yaxınlığında yerləşən ofisinə təşrif buyurublar. Yerli 47news portalının xəbərinə görə, onlar Sayad Əliyevin kabinetinin qapısını döyüblər. Bundan əvvəl isə Əliyevin evində axtarış aparılıb.
 
Məlumatda deyilir ki, müstəntiqlərin oliqarx Əliyevi dindirməsi bu il iyunun 20-də Sant-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan Sofiysk meyvə-tərəvəz bazasında baş vermiş səs-küylü qətlin istintaqı ilə bağlıdır. Həmin vaxt 27 yaşlı Emil Hüseynov bazarda 43 yaşlı Marif İsmayılovu güllələyib. O, İsmayılovu güllələdikdən sonra bazardan qaçmaq istəsə də digər azərbaycanlılar onu yaxalayıblar və qəddarcasına döyərək qətl sifarişini kimdən aldığını soruşublar. Bu kadrlar internetdə yayılıb.
 
Bildirilir ki, həmin vaxt Emil Hüseynov bir neçə dəfə “Vaqif” deyə qışqırıb. Bəs bu hansı Vaqif ola bilər? Belə məlum olur ki, söhbət bir ayrısından yox, Sankt-Peterburqdakı azərbaycanlı diasporunun liderindən, məşhur milyarder Vaqif Məmişovdan gedir.
 
Sayt yazır ki, həmin qətllə bağlı müstəntiqlər artıq Məmişovun özünü də dindiriblər. Bundan başqa “Viləş” QSC adlı şirkətin direktoru Maşkür Qasımov da iş üzrə dindirilib. O, Məmişovun yaxın adamı və işgüzar partnyorudur. İlkin məlumatlara görə qətldən bir neçə gün əvvəl Məmişov Emil Hüseynovla bir neçə dəfə görüşüb. Belə informasiyalar var ki, Hüseynovun qardaşı Elçinin Maşkür Qasımovla münaqişəsi olub.
 
Lakin digər tərəfdən Sayad Əliyevin özü Məmişovla qatı düşməndir. Onların düşmənçiliyi yerli mətbuatın səhifələrinə qədər gedib çıxıb. Virtualaz.org bu düşmənçilik və səbəbləri barədə yazmışdı. Bu ilin avqustunda İstintaq Komitəsinin əməkdaşları Sayad Əliyevin evində və ofisində axtarış aparmışdılar. Həmin vaxt axtarış 2012-ci ildə baş vermiş cinayətlərə-quldurluq, reket və adam oğurluğuna görə idi. 2015-ci ildə bu cinayətlərə görə bir qrup azərbaycanlı həbs olunub. Onların arasında Eldar Qasımov adlı biri Sayad Əliyevin əleyhinə ifadə verib. İfadəsində deyib ki, Bakıda olanda deputat Sayad Əliyevin nömrəsini tapıb və ondan Rusiyaya qayıtmaqda kömək xahiş edib.
 
Həmin vaxt Sayad Əliyevin barəsində cinayət işi qaldırılmasa da o, axtarışların təzyiq xarakteri daşıdığını deyib, bu işin arxasında Məmişovun dayandığına eyham vurub. İyunda baş vermiş qətldə Əliyevin adının niyə keçdiyi məlum deyil.

Baxış sayı: 4758 | Tarix: 21.12.2016
Bizi Telegramda izləyin: @repostaz