İri rayon qazanxanasının tam rejimdə işləməsi üçün azı üç sutka vaxt tələb olunur. Mərkəzləşdirilmiş istilik sistemində heç bir problem yoxdur. Bu prosesin özü texniki baxımdan zaman alır.
RePost.Az xəbər verir ki bu sözləri axar.az-a Azəristiliktəchizat ASC-nin abonent və müştəri xidmətləri şöbəsinin rəisi Rafiq Əliyev mərkəzləşdirilmiş istilik sisteminin 15 noyabr tarixindən işə düşməsinə baxmayaraq, hələ də mənzillərə istiliyin verilməməsi probleminə aydınlıq gətirərkən deyib.
R.Əliyev bildirib ki, qazanxanada olan suyu tez müddətdə dövriyyə elətdirib, temperaturunu da tədricən qaldırmaq lazımdır. 15 noyabrdan "Azəriqaz", "Azərsu", "Azərişıq" və "Azəristiliktəchizat"da mərkəzi istilik sisteminə görə iş başlayıb:
"15 noyabrdan etibarən "Azəriqaz" mərkəzi istilik sisteminə qazı verir və biz qazanları ondan sonra yandırırıq. Qazan yandıqdan sonra temperatur artdıqca qaza təlabat artdığı üçün Azəriqaz tənzimləmə işlərini başa çatdırır. Biz də binalara verilən istiliyi tənzimləyib veririk. Texnoloji proses özü zaman alır.
Qazanxanalardakı suyu həm qızdırıb, həm də bütün mənzillərdən dövriyyə etdirmək lazımdır. "Azəristilik" olaraq noyabr ayının əvvəlindən bütün şəbəkəni su ilə tam doldurmuşuq və soyuq su ilə dövriyyəni yaratmışıq. Harada axıntı varsa, gedib onu aradan qaldırıb təzyiqimizi tənzimləmişik. Ancaq su qızanda yenidən şəbəkədə hava yaranır. İsti su qızdıqca sistemdə təzyiq artır, hava yaranır. Bəzən mənzillərə istiliyin gec çatmasına bu hava da mane olur. Ancaq ümumilikdə proses özü texniki baxmdan zaman alır".
R.Əliyevin sözlərinə görə, mövcud problem bu gün günün sonuna qədər tam həllini tapacaq:
"Günün sonuna qədər artıq heç bir problem qalmayacaq. 550 qazanxana işə düşüb. Biz bütün tənzimləmə işlərini başa vurmuşuq. "Azəriqaz" da tənzimləmə işləri aparıb və yekunlaşıb. Vətəndaşlardan bir qədər səbirli olmağı xahiş edirik. Hansı mənzillərdə istilik tam yaranmayıbsa, günün sonuna qədər bu problem də həllini tapacaq.
Məsələn, bir iri qazanxanadan 21 məntəqəyə istilik ötürülür, həmin 21 məntəqədən də oradakı binalara, mənzillərə, məktəb, bağça və sosial obyktlərə istilik ötürülür. Proses özü texniki baxımdan vaxt aparır.
Mərkəzi istilik sistemi elektrik enerjisi kimi deyil. Suyun dövriyyəsini təmin etmək vaxt alır və bu, bizdən asılı olan bir şey deyil".
Qeyd edək ki, mərkəzləşdirilmiş istilik sistemi 152 gün, yəni 5 ay ərzində, 15 noyabr tarixindən, 15 aprel tarixinə kimi işləyir. Ancaq noyabrın 17-si olmasına baxmayaraq, hələ də mənzillərə istilik verilməyib və bu da narazılıq yaradır.