Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
RePost.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlərin hamısı çıxış edib.
 
Zərərçəkmiş Xalıq Sadıxovun vəkili Adəm Məmmədov mülki iddalarının təmin olunmasını istəyib. O, prokurorun tələb etdiyi cəza ilə razı olduğunu bildirib.
 
Digər zərərçəkmişlər də mülki iddialarının təmin olunmasını istəyib. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxışa başlayıb.
 
Prosesdə Elçin Quliyev zərərçəkmişlərin çıxışına münasibət bildirib. O, möhkəm səslə qeyd edib ki, bu işdə heç bir günahı yoxdur: "Mən özümü təqsirkar bilmirəm. Çünki mənim heç bir günahım yoxdur. Cinayət törətməmişəm".
 
Zərərçəkmiş Mətləb Mustafayevin həbs edilməsinə münasibət bildirən general deyib ki, bunun sifarişini məhz nazir özü edib: "Eldar Mahmudov prokurorluqla razılaşdıraraq, Mətləbin evinə tapança qoydurub, həbs etdirib".
 
Zərərçəkmiş Mətləb Mustafayev də bildirib ki, Elçin Quliyev ötən prosesdə çıxış edərək Eldar Mahmudovun onunla görüşmək istədiyini deyib: "Çıxışında açıqca dedi ki, Eldar Mahmudov vəzifədən azad olundan sonra onunla məxfi yollarla görüşmək istəyib, lakin Elçin razılaşmayıb. Bundan başqa, Elçin Quliyev həbsxanada intihar edən İlqar Əliyevdən danışdı. Elçin çıxışında İlqarın ona zəng edərək, vəkil istədiyini dedi".
 
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Elçin Quliyevin vəkili müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını və mülklərindən həbsin götürülməsini tələb edib.
 
Polkovnik Azər Mehdiyevin vəkili də  çıxış edərək bəraət istəyib.
 
Məhkəmə general Elçin Quliyevə və polkovnik Azər Mehdiyevə son sözlə çıxış etmək üçün 3 gün vaxt verib.
 
Proses noyarbın 27-də davam edəcək.
 
Qeyd edək ki, prokuror çıxışında Elçin Quliyevin 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsi də təklif edilib.
 
Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləndirilən Elçin Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq mülki iddiasının, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərində mülki iddiasının təmin olunmasını tələb edib.
 
Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adıçəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.
 
RePost.Az

Baxış sayı: 5347 | Tarix: 24.11.2017
Bizi Telegramda izləyin: @repostaz