Bakıda iş adamı, sabiq bələdiyyə sədrinin müavini Ramin Babayevin gecə vaxtı ''razborka''sı görüntülənib. Hadisə şahidi iddia edir ki, R.Babayev idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı, "Gelandewagen-Mercedes" markalı avtomobillə "VAZ-2107" markalı avtomobilin sürücüsünün qarşısını kəsib və onu ölümlə hədələyib.
RePost.Az-ın məlumatına əsasən, Criminal.az-a göndərilən videodakı hadisənin bir neçə gün əvvəl Nizami rayonu, Qara Qarayev prospektində baş verdiyi iddia olunur.
R.Babayev "8-ci kilometr" bazarı yaxınlığında prospektdə "Gelandewagen"lə hərəkətdə olarkən "VAZ-2107" markalı avtomobillə bir-birinə yol verməmək üstündə münaqişə yaranıb.
Əsəbiləşən iş adamı metronun "Neftçilər" stansiyasının yaxınlığındakı "Dakar" meydanında öz avtomobili ilə "VAZ-2107"-nin qarşısını kəsib. Avtomobildən düşən R.Babayev "Sən bilirsən mən kiməm? Bu hərəkətinin üstündə adamı ağzından atarlar", - deyərək sürücünün üstünə hücum edib.
Hadisə şahidləri R.Babayevi sakitləşdirib avtomobilinə tərəf aparsalar da, o, "VAZ-210"-nin sürücüsünü başqa yerə apararaq məsələni "çürütmək" istəyir. R.Babayevin metronun “Neftçilər” stansiyası yaxınlığındakı “Ledi Şarm” və “X-lady”, "X-man" geyim mağazalarının, eyni zamanda ''Dostluq'' kafesinin sahibi olduğu deyilir. R.Babayev "PSS-Mühafizə" şirkətinə də rəhbərlik edir. Bundan başqa, R. Babayevin adı mətbuatda "ağacların qənimi" kimi hallandırılıb.
RePost.Az