“Sosial sığorta haqlarının 3 dəfə artacağı gözlənilir”. RePost.Az-ın məlumatına görə, bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı danışarkən deyib.
O bildirib ki, bu layihənin hazırlanması insanların ələbaxımlılığının qarşısını alacaq:
“İyun 13-də Milli Məclisin növbədənkənar plenar iclası zamanı Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq, “İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsinın hazırlanması ilə bağlı müzakirlər aparıldı. Artıq gələn ildən etibarən işə götürən və işçi sığorta fonduna əlavə 1 faiz vəsait ödəyəcək. Bu vəsaitinin həcminin isə təxminən 89 milyon manat civarında olacağı gözlənilir. Həmin vəsaitin də böyük bir hissəsi – 50 milyondan çoxu özünüməşğulluq işlərinin görülməsi məsələlərinə yönləndiriləcək. Bununla da Azərbaycanda insanları artıq ələbaxımlılığa, müavinətlərə öyrəşdirməyə deyil, daha çox onlar üçün yeni iş yerləri açmağa yönləndirilmiş məsələlər önə çəkiləcək. Həmin proseslər də işçinin sığorta haqqının qanununda özünü göstərəcək”.
Millət vəkili həmçinin yaxın 6-7 il ərzində Azərbaycanda ünvanlı sosial yardımın ləğv ediləcəyi məsələsinə də aydınlıq gətirib:
“Sosial sığorta haqlarının ödənilməsində də müəyyən dəyişikliklərin ediləcəyi və məbləğin 3 dəfə artacağı gözlənilir. Məqsəd isə məşğulluğun təmin olunmasıdır. Bununla da ünvanlı sosial yardım əlil və fiziki məhdudiyyətli şəxslərə veriləcək. İşləmə qabiliyyəti olan insanlar və 2-ci, 3-cü qrup əlilləri üçün isə özünüməşğulluqla bağlı yeni iş yerləri açılacaq. Bu da Azərbaycanda yeni və böyük bir layihənin uğurlu olacağından xəbər verir”.
RePost.Az