Bakıda "Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından komaya düşən 20 yaşlı Ayşən Mirzəyeva dünyasını dəyişib.
 
RePost.Az xəbər verir ki, bu barədə medicina.az-a qızın valideynləri məlumat verib. Bildiriblər ki, uşaq bu dəqiqələrdə keçinib.
 
"Əməliyyatı aparan invaziv radioloq İlqar Hüseynov da qaçıb gizlənib. Tapa bilmirik ki, sözümüzü deyək. Xəstəxanadan heç kim çıxıb bir söz demir bizə”.
 
Məsələ ilə bağlı İ. Hüseynovdan açıqlama almağa çalışsaq da, telefon zənglərimizə cavab vermədi.
 
Xatırladaq ki, Ayşən Mirzəyeva noyabr ayının 30-da "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə anju olunub. Xəstəxanada çalışan invaziv radioloq İlqar Hüseynov qızın ailəsinə göz qapağının altında olan ləkənin aparılması üçün əməliyyat lazım olduğunu deyib. Həkim həmin hissəyə gedən damarın bağlanılacağını, bununla da problemin həll olunacağını bildirib. Lakin əməliyyat zamanı damarı bağlamaq üçün istifadə olunan material beyinə gedib və orada ilişib qalıb. Bu isə Ayşənin komaya düşməsinə səbəb olub.
 
A.Mirzəyevanın atası Əlimusa Mirzəyev bildirib ki, xəstəxana heyəti qızın komnaya düşdüyünü ailəsindən gizlədib: "Hadisə ayın 30-da olub. Lakin bizdən gizlədirdilər. Deyəndə ki, niyə uşağı görə bilmirik, deyirdilər, boğazının altında problem yaranıb, həll olunur. Daha onun komada olduğunu demirdilər. Görünən odur ki, işin üstünün açılmasından qorxublar və bizə demədən özləri həll etmək istəyiblər. Bacarmadıqda isə məcbur olub açıqlayıblar”.
 
Ə. Mirzəyev qızının əməliyyatı üçün həkimin 6400 manat pul istədiyini bildirib: "Qızımı həkimə gətirəndə dedilər ki, sadə əməliyyatdır, heç bir həyati təhlükəsi ola bilməz. Əməliyyat xərcinə gəldikdə isə 6400 manat pul istədilər. Biz də razılaşdıq və öncədən 3150 manat ödədim. Mən hardan bilərdim ki, başımıza belə bir oyun açacaqlar?!”
 
Məsələ ilə bağlı əməliyyat edən həkim İlqar Hüseynov əməkdaşımızın suallarına cavab verməyib: "Saat 5-dən sonra zəng edərsiniz”.
 
Baş həkim Həbib Yüzbaşov da danışmağa vaxtının olmadığını bildirib.
 
Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, klinikada belə bir hadisənin baş verməsindən məlumatsızdırlar.
 
SN-dən əlavə edilib ki, hadisənin baş verdiyi müəssisə özəl olduğundan araşdırmanın aparılması üçün zərərçəkənin ya qohumları, ya da hüquq-mühafizə orqanları SN-ə müraciət etməlidirlər. Lakin indiyədək nə qohumlar, nə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olmayıb. Bu səbəbdən də SN özəl klinikada baş vermiş hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır.
 
Qeyd edək ki, yayılan məlumatlara görə, noyabrın 30-da damarın hemangioması diaqnozu ilə xəstəxanaya aparılan 1997-ci il təvəllüdlü Ayşən Mirzəyevaya anju olunub.
 
Məlumatda daha sonra bildirilib: "Xəstəxanada çalışan invaziv radioloq İlqar Hüseynov qızın ailəsinə göz qapağının altında olan ləkənin aparılması üçün əməliyyat lazım olduğunu deyib. Həkim həmin hissəyə gedən damarın bağlanılacağını, bununla da problemin həll olunacağını bildirib. Lakin əməliyyat zamanı damarı bağlamaq üçün istifadə olunan material beyinə gedib və orada ilişib qalıb. Bu isə Ayşənin komaya düşməsinə səbəb olub. Həkimlər qızın sağalacağına ümid etmirlər".
 
RePost.Az

Baxış sayı: 4777 | Tarix: 05.12.2017
Bizi Telegramda izləyin: @repostaz