Cəlilabad rayonunda 4 kəndin ərazisində yaşayan əhalini təmin edən uşaq bağçasında istilik sistemləri işə salınmayıb.
 
Bu barədə “Ölkə.Az”a kənd sakinləri bildiriblər. Onların sözlərinə görə, Babək küçəsində yerləşən 10 saylı “Fidan” uşaq bağçasında körpələr soyuqdan donurlar.
 
Rayon sakini Rəşad Ekbəroğlu bildirib ki, həmin bağça təzə tikilib. Müasir formada tikilən bağçada uşaqların tərbiyə alması üçün lazımı tədbirlər görülsə də, onların sağlamlığını nəzərə alan yoxdur.
 
“Hazırda uşaqlar bağçada donurlar. Soyuqdan gündə biri xəstələnir. Bağçanı elektrik peçi ilə qızdırmağa çalışırlar. Lakin bunun da faydası olmur. Dəfələrlə rayon icra hakimiyyətinə müraciət etsək də, heç bir xeyri olmayıb”, - deyə şikayətçi bildirib.
 
Məsələyə aydınlıq gətirmək üçün bağçanın müdirəsilə əlaqə saxladıq. “Fidan” körpələr evinin müdirəsi Sevda Əsgərova bildirdi ki, həqiqətən də, bu il müəssisəyə təbii qaz verilmədiyindən bağçada istilik sistemi işə salınmayıb. Onun sözlərinə görə, bağça dövlət balansına salınandan sonra binanın istilik sistemi işə düşəcək.
 
“Ötən il sənədlər hazır olmasa da, uşaqlara görə bağçaya istilik verilib. Bu il isə hələlik qızdırıcı sobalardan istifadə edilir. Söz veriblər ki, bu yaxınlarda bağçaya təbii qazn verilişi bərpa ediləcək. Həmin bağça İcra Hakimiyyətdə balansa oturmamışdı. Hazırda sənədlər hazırlanır. Sənədlər hazır olandan sonra bağçaya qaz veriləcək və məktəbdə istilik sistemi təmin ediləcək. İcra Hakimiyyətindən və qaz idarəsindən gəlib binanın çertyojunu çəkəcəklər. Daha sonra bina balansa oturacaq. Ondan sonra bağçada istilik sistemi işləyəcək”, - deyə Sevda Əsgərov bildirib.
 
Məsələ ilə əlaqədar Cəlilabad rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Cəlilabad rayon İcra Hakimiyyəti başçının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Dürdanə Əliyeva bildirdi ki, bu barədə heç bir məlumatı yoxdur. Onun sözlərinə görə, bağça barədə quruma heç bir şikayət və müraciət daxil olmayıb.
 
“Elə bir şey yoxdur. Bağçada hər şey qaydasındadır”, - deyə Dürdanə Əliyeva bildirib.
 
RePost.Az

Baxış sayı: 3694 | Tarix: 07.12.2017
Bizi Telegramda izləyin: @repostaz