Dekabrın 18-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşadığı yataqxanada oğlu tərəfindən qətlə yetirilən 1979-cu il təvəllüdlü Qurbanova Mədinə Nurəddin qızının valideynləri hadisəylə bağlı yeni iddialar səsləndiriblər.

RePost.az -ınlent.az-a istinadən məlumatına görə, oğlu tərəfindən güllələnərək öldürülən M.Qurbanovanın atası Nurəddin Qurbanov bildirib ki, qızı Eldar Əliyevlə evli olduğu müddətdə daim əziyyət çəkib: “Biz bu işin belə qalmasına imkan verməyəcəyik. Qızım 20 il idi, zülm çəkirdi. Bu illəri dözdük. Axırda da belə bir vəziyyətə gətirib çıxardılar. Düşmən düşmənə bunu etməzdi. Yuxuda olarkən tüfəngi başına dirəyib atəş açıb. Heç bir yerdə qadına qarşı belə şey görülməyib”.

Mərhumun anası Elmira Qurbanova isə bildirib ki, qızının ailəsində daim problemlər olub: “Mənim nər kimi balamı onlar qətlə yetirib. Yoldaşının ayıq olduğu gün olmurdu. Həmişə içirdi, ailəyə baxmırdı. Neçə dəfə qızımı bıçaqlamışdılar da. Amma Mədinə gizlədirdi, hər dəfə nəyəsə görə ehtiyatsızlıqdan xəsarət aldığını deyirdi. Artıq təngə gəlmişdi, məhkəməyə boşanmaq üçün müraciət etmişdi. Bu ayın 19-u məhkəmə olacaqdı. Amma bir gün qabaq, yəni ayın 18-i öldürdülər. Gör, onların necə sirri, necə bir zibil işi olub ki, qızı boşanmağa imkan vermədən öldürdülər. Həm də qızım bacısına deyibmiş ki, məktublar yazmışam, şkafa qoymuşam. Əgər mənə nə isə olsa, bilin ki, məni öldürüblər. Həm də hadisəni gizlətməyə çalışırdılar. Lap mənim balam tərbiyəsiz idi, əxlaqsız idi, buraxardınız gəlsin mənim yanıma. Mən onu gözümün içində saxlayacaqdım. Neçə dəfə polisə zəng edilib, amma gəlmirdilər. Mən istəyirəm, tələb edirəm ki, qızımın üstündən o söz götürülsün. Çünki mənim qızım qeyrətli qadın olub. İstəyirəm ki, bu işi təşkil edənlər - uşağın atası da, babası da tutulsun”.

Oğlu tərəfindən qətlə yetirilən qadının qardaşı Elməddin Qurbanov da valideynlərinin dediklərini təsdiqləyib və bu cinayətin tək bacısı oğlu Maarif Əliyev tərəfindən törədilmədiyini deyib: “Orda qurğu qurulub. Bacıma da, uşaqlarına da yəqin, nə isə içirdiblər ki, onlar hələ axşam saat 8-9-da yuxuya gedib. O vaxt kim yuxuya gedər ki?!. Əgər elə bir hal var idisə, Mədinənin binamusluğunu görmüşdülərsə, gəlib bizə deyərdilər, biz özümüz tədbir görərdik”.

Hadisənin şahidi olan ailənin böyük övladı, mərhum M.Qurbanovanın böyük qızı Fatimə Əliyeva da hadisənin əvvəlcədən planlaşdırıldığını iddia edib: “Hadisədən bir gün əvvəl atamla anam dalaşmışdı. Anam çıxıb getmək istəyirdi, atam qolundan tutub kresloya atdı. Yenə durub qaçmaq istəyəndə də imkan vermədi. Səhəri gün hər şey normal idi. Qardaşımla babam nə isə danışırdılar. Qardaşım dedi ki, zəhər versək ölməyə bilər, həkimlər mədəsini yuyub sağaldacaqlar. Sonra dedi, “bıçaqlamağa da qorxuram ki, qan görərəm, tüfəngi nə vaxt verə bilərsən?”. Amma söhbətin dəqiq nədən getdiyini həmin vaxt bilmirdim. Nəyin baş verəcəyini, nə planlaşdırıldığını bilmirdim. Həm də həmin gün qardaşım ancaq gülürdü, səhərdən həmin hadisəyədək ancaq gülürdü”.

Fatimə hadisəni belə nəql edib: “Hadisə vaxtına gəlincə, anamla kiçik bacım divanda yatmışdılar. Bacımı ayağının altında uzandırmışdı, özü də yuxuya getmişdi. Anama dedim ki, dur get, razı olmadı, mən də kresloda oturduğum yerdə yuxuya getmişəm. Qardaşım kresloda oturmuşdu, babam da həmin otaqda uzanmışdı. Bir də yuxudan ayılanda gördüm kimsə qapıdan qaçdı. Anama baxdım elə bildim yatıb, yerdə də tüfəng vardı. Bir də baxanda gördüm hər tərəf qandı, qışqırıb qaçdım”.

Söhbətə müdaxilə edən Elmira Qurbanova: “Hadisədən 2-3 gün əvvəl Mədinənin kiçik oğluna babası silahını təmizlətdirib yağlatdırıb. Çünki istəmirmiş silahda öz əlinin izi qalsın. Bu hadisəni uşaq özbaşına törətməyib. Onu kim başa salıbsa, silahı kim veribsə, hamısının cəzalandırılmasını tələb edirəm”.

Qeyd edək ki, dekabrın 18-də Füzuli rayon sakini, 1979-cu il təvəllüdlü Mədinə Qurbanovanın oğlu 16 yaşlı Maarif Əliyev tərəfindən güllələnərək qətlə yetirilməsi faktı ilə bağlı Sabunçu rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə iş başlanılıb, araşdırma aparılır. Hadisəni törətmiş M.Əliyev həbs edilib.

Oğul 37 yaşlı anasını niyə öldürdü?  -  Dəhşətli iddialar+Foto


Baxış sayı: 3751 | Tarix: 22.12.2016
Bizi Telegramda izləyin: @repostaz