İmişlidə Polis Şöbəsinin təcridxanasında özlərinə qəsd edən şəxslər kimsəsiz, yaşlı qadının evinə daxil olaraq onu zorlamaqda və evdən oğurluq etməkdə təqsirləndirilir. Onlara etdikləri cinayət əməllərinə adekvat olaraq Cinayət Məcəlləsinin 3 maddəsi (181-ci (quldurluq), 149-cu (zorlama) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə)) üzrə ittiham elan olunub.
RePost.Az xəbər verir ki, İmişli rayon Prokurorluğundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, iyulun 28-də İmişli şəhəri, Şıxlinski küçəsindəki evdə tək yaşayan, ailə həyatı qurmayan yaşlı qadının evinə daxil olan 3 nəfər maskalı şəxs qadının əl-qolunu bağlayaraq onu zorlayıblar.
Evə daxil olan şəxslər mənzildən 1000 manat pul və qızılı-zinət əşyaları oğurlayaraq qaçıblar. Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Bir müddət əvvəl keçirilmiş əməliyyat tədbirləri nəticəsində İmişli sakinləri - 1990-cı il təvəllüdlü İbrahimov Xalid Mehdi oğlu, 1992-ci il təvəllüdlü Cəfərov Asim Şakir oğlu və 1980-ci il təvəllüdlü Fərzəliyev Eyvaz Nadir oğlu polis tərəfindən saxlanılıb.
Keçirilmiş məhkəmə tibbi ekspertizanın nəticələrinə əsasən, yaşlı qadının həmin şəxslər tərəfindən zorlandığı təsdiqini tapıb.
İmişli rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan X.İbrahimova sol qolunun said hissəsinin və ön qarının kəsilmiş, daxilə nüfuz etməyən yarası diaqnozu ilə cərrahiyə tikişi qoyulub. A.Cəfərova isə sol qolun kəsilmiş xəsarətləri ilə tibbi yardım göstərilib.
Onların xəsarətlərinin ciddi olmadığı bildirilir. Hər iki şəxsə tibbi yardım göstəriləndən sonra təcridxanaya qaytarılıb.
Prokurorluqdan bildirilib ki, onlara qarşı 3 maddə üzrə irəli sürülən ittihamlar əsaslı hesab olunur.
Saxlanılan şəxslər ilkin ifadələrində qadını zorladıqlarını etiraf ediblər.
RePost.Az