Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
 
RePost.Az report-a istinadən xəbər verir ki, prosesdə qərar elan olunub. Qərara əsasən, F.Laçının apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
 
F.Laçının vəkili Türkel Süleymanlı jurnalistlərə bildirib ki, müvəkkili məhkəmədə səhhətində problem olduğunu deyib: "Fədayə Laçın saxlanılma şəraitindən şikayətçi deyil. Lakin o, fiziki cəhətdən əziyyət çəkdiyini söylədi".
 
Vəkilin sözlərinə görə, F.Laçın "Mən bu işdə aldadılmışam", - deyib.
 
Xatırladaq ki, Fədayə Laçın barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Nəsimi Rayon Məhkəməsi vəsatəti təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib.
 
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
 
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
 
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
 
Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
Əməliyyat-axtarış tədbirləri nəticəsində 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. "Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.
 
RePost.Az

Baxış sayı: 3732 | Tarix: 21.12.2017
Bizi Telegramda izləyin: @repostaz