Azərbaycan gimnastları Marina Nekrasova və Yuliya İnşına Rusiyanın paytaxtı Moskvada təşkil edilən kişi və qadın idman gimnastikası üzrə “Mixail Voronin” adına kubok yarışında iştirak ediblər.
RePost.Az xəbər verir ki, təmsilçilərimiz yarışda 3 medal əldə ediblər.
Qadın idman gimnastlarımız ilk olaraq, komanda hesabında fərqlənib. Onlar yalnız Rusiya və Özbəkistan komandasından geri qalaraq, 95.950 xalla turnirin bürünc medalına sahibləniblər.
Ayrı-ayrı alətlər üzrə finallarda isə Marina şəxsi hesabına da medal yazdırmağı bacarıb. Sevimli proqramı olan sərbəst hərəkətlərdə çıxışı ona 12.266 xalla gümüş medal qazandırıb. Marina növbəti uğurlu çıxışını gimnastika tirində nümayiş etdirib. Bu alətdə icrasına görə hakimlərdən 12.433 xal alan idmançımız, ikinci bürünc medalını qazanıb.
Kişi gimnastlar arasında isə ölkəmizi Cavidan Babayev, Timur Bayramov və Səməd Məmmədli təmsil ediblər. Hər iki idmançı final çıxışlarını 8-ci yerdə bitirib. (publika.az)