220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Rövşən Əzizov çalışdığı təhsil müəssisəsinin ictimai nüfuzuna zərbə vurduğuna görə işdən qovulub.

Bakı şəhər Təhsil idarəsindən RePost.Az-a daxil olan məlumata görə, 220 nömrəli məktəb-liseyin rəhbərliyi tərəfindən ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyəti və davranış uyğunsuzluğu ilə bağlı müvafiq daxili araşdırma aparılıb. 

Müəllimin pedaqoji-metodiki səviyyəsi, ünsiyyət və davranış psixologiyası ətraflı öyrənilib. Eyni zamanda, məktəb rəhbərliyi və fənn metodbirləşmə sədri tərəfindən Rövşən Əzizovun dərs dediyi siniflərdə tədrisin səviyyəsi izlənilib və bu barədə müvafiq rəylər müəllimə bildirilib.

Rəylərdə müəllimin fənn proqramlarına əməl etmədiyi, tədris resurslarından istifadə etməməsi, heç bir standartı şagirdlərə mənimsətmədiyi qeyd edilib. Həmçinin, Rövşən Əzizovun bir neçə dəfə şagirdləri sinifdən çıxararaq kobud şəkildə direktorun və direktor müavinlərinin otağına gətirməsi, şagirdləri sinifdən çıxararkən zorakılıq hallarına yol verməsi (bu barədə müvafiq aktlar və təqdimatlar tərtib olunub) haqqında məlumatlar müvafiq qaydada sənədləşdirilib.

Rövşən Əzizovun özünün də etiraf etdiyi kimi, o, dərs prosesində tez-tez mövzudan kənara çıxaraq şagirdlərlə müəllimin vəzifə funksiyasına aid olmayan söhbətlər aparıb. Bütün bunların “Müəllimlərin etik davranış qaydaları”na və tədris-metodiki tələblərə zidd olması R.Əzizova izah edildikdə o, müəllimin vəzifə səlahiyyətlərini və funksiyalarını tənzimləyən qaydaların tələblərini inkar edərək, müəllimə yaraşmayan çılğınlıqla özünün haqlı olduğunu sübut etməyə çalışıb.

R.Əzizov sosial şəbəkələrdə özünə aid səhifədə və “Youtube” video şəbəkəsində özünün yaratdığı “İsrolk” kanalında 220 nömrəli məktəb-liseyin adından dəfələrlə istifadə edərək müxtəlif videolar və yazılar paylaşıb. 

Lakin həmin paylaşımlarda təhsilə, şagirdlərin mənəvi-psixoloji inkişafına uyğun olmayan fikirlər və səhnələrin yer aldığı müşahidə edilir. Həmin videoçəkilişlərdə şagirdlərin iştirakı ilə zorakılıq təbliğ edən səhnələrə yer verildiyi, məktəbin və müəllimin funksiyasına aid olmayan fikirlərin və sujetlərin çoxluğu özünü göstərir.

220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyətinin təhsil nazirinin 16.05.2014-cü il tarixli 600 nömrəli əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın peşakarlıq və fərdi məsuliyyət, loyallıq, qərəzsizlik anlayışlarına (3.3, 3.10, 3.12, 4.5.1, 4.5.3-cü maddələrinə) zidd olmasını, pedaqoji-metodiki vəziyyətini, 220 nömrəli məktəb-liseyin adından və şagirdlərindən istifadə etməklə şəxsi təşəbbüslərini reallaşdırarkən çalışdığı təhsil müəssisəsinin ictimai nüfuzuna zərbə vurduğunu nəzərə alaraq, liseyin direktoru Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması barədə əmr verib.

RePost.Az


Baxış sayı: 4302 | Tarix: 28.12.2017
Bizi Telegramda izləyin: @repostaz