Məlum olduğu kimi, "Gilavar" hava və ekstrim idman klubunun üzvü olan 3 alpinist - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb, ancaq geri qayıtmayıb.
Bir həftədir Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onları tapmaq üçün axtarış işləri aparsalar da, alpinistlərin izinə rast gəlinməyib. Bu da onların yaxınlarının və cəmiyyətin əsəblərini tarıma çəkib, hər kəs narahatdır.
RePost.Az xəbər verir ki, axtarış üçün yaradılmış qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev alpinistlərin 10-15 metr qarın altında qaldıqları qənaətindədir:
"Hələ ki, heç nə deyə bilmirəm... Allahın möcüzəsi olur. Onlar uçquna düşüb, hardasa 10-15 metr qarın altındadırlar. Ümumiyyətlə, belədir ki, qarda bir neçə saat hərəkətsiz qaldıqda insan donur. Aydın məsələdir ki, donublar orada. Biz özümüz orada yarım saat, bir saat hərəkətsiz qalsaq, bədənimiz donar. Ancaq dediyim kimi, biz ümidimizi üzmürük. Sizi əmin edirəm ki, vicdanla, canla-başla axtarışlarımızı davam etdiririk"