Xarici mütəxəssislər alpinistlərin itkin düşdüyü ərazidə olublar - VİDEO/FOTO
Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 5-də davam edib.
RePost.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak edib. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri cəlb olunub.
Eyni zamanda, Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri hadisə rayonunda olublar. Qarşılıqlı fəaliyyət çərçivəsində ölkəmizə gələn xarici mütəxəssislərin səfərinin məqsədi Fövqəladə Hallar Nazirliyinin dağ-xilasedicilərinin bilik və vərdişlərinin, həmçinin peşə qabiliyyətinin artırılması məqsədi ilə təlim məşqləri keçirməkdir. Təlim məşqləri hər il əvvəlcədən nəzərdə tutulmuş plan əsasında həyata keçirilir. Bu gün Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qərara alınıb ki, builki məşqlər Quba rayonu ərazisində real şəraitdə aparılsın. Bundan başqa, itkin düşmüş alpinistlərin tapılması istiqamətində aparılan axtarış-xilasetmə işlərində avstriyalı mütəxəssislərin bilik və təcrübələrindən faydalanmaq nəzərdə tutulub.
Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində aparılır. Bu gün havanın günəşli olmasına baxmayaraq, son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma təhlükəsi artıb. Qar uçqunlarının olduğu yerlərdə qar qatının qalınlığı 8-12 metrə qədərdir. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib.
Fövqəladə Hallar Nazirliyi Nazirliyin fəaliyyəti, xüsusilə də baş vermiş hadisələrlə bağlı ancaq rəsmi, dəqiqləşdirilmiş məlumatlardan istifadə etməyi tövsiyyə edir.
Qeyd edək ki, əməliyyatın gedişatı barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin rəsmi internet informasiya portalında (fhn.gov.az) mütəmadi dərc olunur.