Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Ağdaş rayon sakini, 1990-cı il təvəllüdlü Günel Mustafayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Günel Mustafayeva 2017-ci ilin fevral ayının əvvəllərindən başlamaqla müxtəlif vaxtlarda Nizami Quliyevin və onun qızı haqqında rüsvayedici məlumatlar yayma, ailəsini dağıtmaqla və s. yollarla hədə-qorxu gələrək, külli miqdarda əmlakını əldə etmək məqsədilə ondan 15.000 manat məbləğində pul tələb edib.
“Mənimlə cinsi əlaqədə olmaq istədiyini eşitdim”
Günel Mustafayevanın barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub. Onun barəsində olan cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Təqsirləndirilən şəxs qismində ifadə verən Günel Mustafayeva elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Ağdaş şəhər sakini Nizami Quliyevi 2017-ci ilin yanvar ayından tanıyıb: “3 yanvar 2017-ci il tarixdən istifadəmdə olan mobil telefon vasitəsilə Nizami ilə əlaqə saxladım. Nizaminin məni pulla ələ alaraq, cinsi əlaqədə olmaq istədiyini eşitdim. Nizami bu barədə heç vaxt mənə heç bir söz deməmişdi. Nizami ilə tanış olduğum müddətdə mənə mütəmadi olaraq nahar yeməyi alaraq göndərib”.
“Pul müqabilində cinsi əlaqədə olmaq istəyi pis təsir etdi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Nizami ona “Samsung” markalı mobil telefon, kompüter, bir ədəd sep və bir ədəd qolbağı hədiyyə verib: “Eyni zamanda, Nizami mənə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul da verib. Nizaminin məni pulla ələ alıb cinsi əlaqədə olmaq istəyi, həmçinin pul qarşılığında cinsi əlaqədə olmasına dair dedikləri mənə pis təsir etdi”.
“SMS-də yazmışam”
Günel Mustafayeva qeyd edib ki, 2017-ci ilin fevral ayının əvvəllərindən başlayaraq Nizamiyə onun şərəfini alçaltdığı üçün 15.000 manat pul verməli olduğunu, həmin 15000 manat pulu verməyəcəyi təqdirdə Nizamiyə onu rüsvay edəcəyini bildirib: “Nizamini rəislə və prokurorla hədələmişəm, həmin 15000 manat pulu ondan tələb etmişəm. Məqsədim Nizami Quliyevə ziyan vurmaqla onun həmin məbləği kimsəsizlər evinə keçirməsinə nail olmaq olub. Belə məzmunda bir dəfə ona sms də yazmışam”.
“Ailəsini dağıtmaq məqsədim olmayıb”
Günel Mustafayeva qeyd edib ki, sonrakı tarixlərdə Nizami Quliyevə yazdığı hədə məzmunlu sms-lərdə belə tələb qoymayıb, həmin məbləğin konkret olaraq özünə çatdırılmasını göstərib: “Nizamidən həmin məbləğdə pulun alınması məqsədilə istifadə etdiyim mobil nömrələrdən Nizami Quliyevin istifadəsində olan mobil telefon nömrələrinə, həqiqətən də, pulun alınması məqsədilə çoxsaylı sms-lər yazaraq, həmin məbləğin verilməsini tələb etmişəm. Nizami Quliyevin və qızının haqqında rüsvayedici məlumatlar yaymaq və ya hansısa şəkildə ailəsini dağıtmaq məqsədim olmayıb”.
“Aramızda münasibət yarandı”
Cinayət işi üzrə zərər çəkmiş Nizami Quliyev bildirib ki, 2017-ci ilin yanvar ayında Ağdaş şəhərində “Fatimə” gözəllik salonunda işləyən Günel Mustafayeva onun mobil telefonuna zəng edib: “Günel mənimlə tanış olmaq istədiyini bildirdi. Bundan sonra onunla mütəmadi olaraq telefonla danışmağa başladıq, aramızda münasibət yarandı. Günellə danışdığım müddətdə ona hədiyyə olaraq “Samsung” markalı mobil telefon, “Samsung” markalı noutbuk, ayrı-ayrı vaxtlarda ona cəmi 800 manat vermişəm”.
Zərərçəkimiş şəxsin sözlərinə görə, daha sonra ad günü ilə əlaqədar olaraq Günelə Mingəçevir şəhərindən 900 manat dəyərində qızıl sep və qolbağı alıb: “Günellə bir müddət danışdıqdan sonra 2017-ci ilin fevral ayının əvvəllərindən başlayaraq Günel mənə hədə-qorxu gəldi, məndən pul tələb etdi. Pul verməyəcəyim təqdirdə isə məni rəis, prokuror və məhkəmə vasitəsilə hədələdi. Həmçinin qızımın haqqında rüsvayedici məlumatlar yayacağı və ailəsini dağıdacağı ilə qorxudaraq məndən 15000 manat tələb etdi. Günel, həmçinin bunun üçün konret vaxt da təyin etdi. Mənə fevralın 17-də 5000 manat, yerdə qalan 5000 manatı 27 fevralda, qalan 5000 manatı isə 10 martda ona çatdırmağımı tələb etdi”.
“Özümün ləkələnəcəyimi düşündüm”
Zərərçəkmiş qeyd edib ki, Günel Mustafayeva pulu verməyəcəyi təqdirdə onun ailəsini dağıdacağını və qızını rüsvay edəcəyini bildirib, həmçinin rəis və prokurorla hədələyib: “Günelin, həqiqətən də, bunları edəcəyindən çox qorxdum. Qızımın həddi-buluğa çatmış biri olması və Günelin onu rüsvay etməsindən, həyat yoldaşımdan və ailəmdən məni ayırmasından qorxdum. Günel dəfələrlə mənim iş yerimə və yaşadığı evə gələrək “sənin haqqında rüsvayedici məlumatlar yayacam və səni yaxın dostlarının, ailənin yanında nüfuzdan salacam, ya qızının şərəfli adı, ya da ki, pul” deyib. Günelin mənim və qızımın barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə özümün ləkələnəcəyimi düşündüm”.
“Günellə səmimi münasibət saxlamışam”
Nizami Quliyevin ifadəsinə görə, bundan sonra bu barədə rayon prokurorluğuna gələrək şikayət edib: “Heç vaxt heç bir şəkildə Günelin şərəf və ləyaqətini alçaltmamışam, heç vaxt heç bir yerdə Günelin haqqında şərəf və ləyaqətini alçaldacaq heç bir söz danışmamışam. Günelin mənim barəmdə dediklərinin hamısı onun özünü müdafiə xarakteri daşıyır. Heç kəsə Günelin pul qarşılığında cinsi əlaqədə olması barədə deməmişəm. Günellə dost kimi səmimi münasibət saxlamışam, dəfələrlə Günelin çətin vəziyyətlərində ona dayaq durmuşam. Günel məndən istədiyi pulu bilavasitə özü üçün tələb edib. Həmin məbləğin kimsəsizlər evinə köçürülməsi yalnız bir dəfə sms-də yazılsa da, sonrakı sms yazılarda, həmçinin mənimlə olan danışıqlarda həmin pulu özü üçün tələb etdiyini göstərib”.
Zərərçəkmiş, həmçinin bildirıb ki, Günelin onun mobil nömrəsinə zəng edərək onunla tanış olması, onunla münasibət yaratması məqsədli şəkildə olub: “Günelin mənim sahibkarlıq fəaliyyəti ilə məşğul olduğumu, rayonda müəyyən nüfuza malik olduğumu bildiyindən hədə-qorxu gəlməklə, məndən müəyyən maddi vəsaiti qanunsuz əldə etmək məqsədi daşıyıb”.
10 il cəza və narazılıq
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günel Mustafayeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilib. Onun cəzasının ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Hökmdən narazı qalan Günel Mustafayeva apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının şərti hesab edilməsini istəyib.
Günel Mustafayevanın şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Gündüz Abbasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib.
Şantajçı qadına şərti cəza
Qərara görə, Günel Mustafayevanın şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Məhkəmə Günel Mustafayevanın cəzasını 4 il 8 ay 28 günə endirilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və yeni təyin edilmiş cəza 2 il sınaq müddəti olmaqla şərti hesab olunub.
Günel Mustafayevanın barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb./Publika.az
RePost.Az