Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış jurnalist, alim İbrahim Quliyev Mərkəzi Neftçilər Xəstəxanasında üzləşdiyi biabırçı durumu qələmə alıb. Yazıda xəstəxanada insanlara qarşı qeyri-insani münasibət, xəstələrin saaatlarla gözləməsi, vergidən yayınma halları barədə maraqlı məqamlar var. 
 
Mövzunun aktuallığını nəzərə alaraq, həmin yazını olduğu kimi təqdim edir: 
 
Bu gün Mərkəzi Neftçilər Xəstəxanasında oldum. Burun-boğaz-qulaq xəstəlikləri üzrə həkim-otolorinqoloq Tural Hüseynovun qəbuluna getmişdim. Qabaqcadan zəng edib razılaşmışdıq. Saat 9-30-da xəstəxananın 4-cü mərtəbəsində vəzifəsinin nədən ibarət olduğu bəlli olmayan bir qadın mənim də adımı əlindəki uzun qəbul siyahısına yazıb, məni koridordan pilləkən meydançasına çıxardı və qapını arxadan bağlayaraq gözləməyi tapşırdı.
 
Doğrudur, dar meydançada iki oturacaq var idi, amma onlar məndən qabaq gələnlər tərəfindən tutulduğu üçün çoxları kimi mən də pilləkənlərin üstündə ayaq üstə dayanmalı oldum. Burada qocalar və uşaqlı qadınların əksəriyyəti pilləkənlərin üstünə qəzet sərib oturmuşdu. Düzünü deyim, bu mənzərə mənim yadıma XX əsrin başlanğıcındakı Bakı qul bazarlarını saldı...
 
Düz iki saat gözləyəndən sonra, nəhayət, bayaqki siyahıtutan qadın mənə yaxınlaşıb, ödəniş eləməyi buyurdu. Nə qədər? 30 manat! Dinmədən çixarib verdim, amma əvəzində mənə nə qəbz, nə bir sənəd verdilər. Xanım çox sakitcə pulu alıb cibinə qoydu və məni həkimin yanına ötürmək istədi. Elə bu zaman balacaboy, arıq bir mühafizə işçisi aşağıdan bir xəstə gətirib, dedi ki, bunu filankəs tapşırıb, növbəsiz içəri keçməlidir.
 
Mən etiraz elədim, dedim ki, düz iki saatdır növbə gözləyirəm, mən növbəmi niyə başqasına verməliyəm? Mühafizəçi çox saymazyana şəkildə:
- Mən mühafizəçiyəm, - dedi və qabağa keçdi.
 
Başa düşdüm ki, artıq burada mübahisə eləmək yersizdir və əsəblərim getdikcə tarım çəkilir. Ona görə bayaq qəbzsiz, filansız 30 manatımı alıb cibinə basan xanıma yaxınlaşıb pulumu geri istədim. Dedim, mənə sizin həkim lazım deyil.Sənədsiz, qəbzsiz pula alıb cibinə qoyan xanım əvvəl imtina eləmək istədi (imtina etsəydi də, heç bir şey edə bilməyəcəkdim, çünki əlimdə heç birsənəd yox idi), amma insaflı çıxdı. Daha doğrusu, yanındakı digər qadınların təkidi ilə pulu cibindən çıxarıb mənə qaytardı.
 
Doğrusu, bu Tural Hüseynovun necə həkim olmasını deyə bilmərəm, deyirlər, Türkiyədə də olub. Bəlkə də işinin öhdəsindən gələ bilir. Məni sadəcə olaraq narahat edən xəstəxanadakı qanusuzluq, dərəbəylik, vergidən yayınma hallarına imkan verən sənədsiz pul yığımı, insanlara etinasız münasibətdir. Həkim xəstəni toz-torpaqlı pilləkənlərin üstündə saatlarla oturub gözləməyə vadar etməməlidir. Mühafizə xidməti əməkdaşları xəstəxananın mühafizəsi ilə məşğul olmalıdır, həkim-xəstə münasibətinə müdaxilə etməməlidir.
 
Ölkə başçısı insanlara xidmət, sosial sahələrin inkişafı ilə bağlı ardıcıl tədbirlər gördüyü bir halda, kimlərsə öz maraqlarına görə xəstəxananı bazara çevirməməlidir!
 
RePost.Az

Baxış sayı: 4169 | Tarix: 11.01.2018
Bizi Telegramda izləyin: @repostaz