Yevlax şəhərində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Həsən Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
RePost.Az Publika.az-a istinadən xəbər verir ki, Həsən Həsənovun arvadı Şəhanə İsmayılova təxminən bir ay əvvəl Bakı şəhərinə gedərək müvəqqəti olaraq bacısı ilə birlikdə yaşayıb.
İki bacının sevgilisi
Həmin vaxt Şəhanə İsmayılovanın bacısının qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşadığı Elvin Novruzovla arasında sevgi münasibətləri yaranıb. Həsən Həsənov arvadının Elvin Novruzovla sevgi münasibətlərinin olmasından şübhələnərək onunla telefonda mübahisə edib.
26 aprel 2017-ci ildə Şəhanə İsmayılova azyaşlı uşaqları ilə Bakı şəhərindən Yevlax rayonuna qayıdıb və Aidə İsmayılovanın evində gecələyib. Həsən Həsənov aprelin 27-də, saat 09.00-da qayınanası Aidə İsmayılovanın yaşadığı evə gəlib.
İntim münasibət və qanlı dava
Həmin vaxt Həsən Həsənov qayınanasının evdən getməsini gözləyib. Qayınanası evdən çıxdıqdan sonra isə evin yataq otağına keçən Həsən Həsənov orada yatmış Şəhanə İsmayılovanı oyadaraq ondan evə getməsini tələb edib.
Şəhanə İsmayılova isə onun təklifindən imtina edərək ona sərt cavablar verib. O, Şəhanə İsmayılovanın Bakı şəhərində qaldığı müddətdə Elvin Novruzovla intim münasibətlərinin olmasını özündə qətiləşdirib və arvadını öldürmək qərarına gəlib.
Bu məqsədlə evin mətbəxinə keçən Həsən Həsənov oradan bıçaq götürərək geri qayıdıb. O, yataqda oturmuş vəziyyətdə olan Şəhanə İsmayılovanın baş nahiyəsinə həmin bıçaqla zərbə endirib.
İki azyaşlının gözü qarşısında dəhşət
Lakin Şəhanə İsmayılova əlləri ilə bıçağın tiyəsindən tutmaqla aktiv müqavimət göstərərək onun hərəkətlərinə mane olub və çarpayının qarşısına yıxılıb. Həsən Həsənov arvadı ilə eyni otaqda yatmış 2016-cı il təvəllüdlü oğlu Tunarın oyanmasına və ortancıl oğlu, 2010-cu il təvəllüdlü Ömərin yataq otağının qapısından bu hərəkətləri müşahidə etməsinə baxmayaraq, cinayət əməlindən əl çəkməyib.
Həsən Həsənov əlindəki bıçaqla Şəhanə İsmayılovanın həyat üçün təhlükəli olan boyun nahiyəsinə 2 dəfə ardıcıl zərbələr endirərək ona boynunu kəsib. Onun öləcəyini düşünən Həsən Həsənov evdən gedib. Şəhanə İsmayılovanın hadisədən dərhal sonra xəstəxanaya çatdırılması və ona tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib.
İstintaq orqanı tərəfindən Həsən Həsənovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rəşid Hüseyovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
“Başqa kişinin səsinin gəldiyini eşitdim”
Təqsirləndirilən şəxs qismində ifadə verən Həsən Həsənov bildirib ki, 2004-cü ildə Şəhanə İsmayılova ilə ailə həyatı qurub, 3 övladları var: “Əvvəllər münasibətlərimiz normal olub. Son 2 ayda isə Şəhanə ilə münasibətlərimizdə problemlər yaranıb. 2017-ci ilin mart ayında Şəhanə qan azlığından əziyyət çəkdiyi üçün 4-5 günlük Bakı şəhərinə getdi. Bakıya getdikdən sonra Şəhanə telefonla danışarkən həkimin məsləhət gördüyünü bildirərək müxtəlif bəhanələrlə təxminən 2 aya yaxın Bakıda qaldı və Ömər və Tunarı da özü ilə Bakıya aparmışdı. Orada olarkən 7-8 gün əvvəl Şəhanə saat 12.00-da bacım oğlu Nurlanla Vatsap vasitəsilə telefon bağlantısı qurarkən oğlumuz Rüstəmlə də danışmaq istədiyini bildirib. Nurlan isə telefonu gətirərək oğlum Rüstəmə verdi. Rüstəm anası ilə danışarkən digər otaqda yatmışam. Ancaq danışıq səsinə oyandım və Şəhanə Rüstəmlə danışarkən kənardan başqa kişinin səsinin gəldiyini eşitdim. Əvvəlcə həmin səsə əhəmiyyət vermədim”.
“Qızının nişanlısı olduğunu bildirdi”
Həsən Həsənov qeyd edib ki, səhərisi günü qayınatasıgilə gedərək qayınanası Aidə İsmayılovadan gecə Şəhanənin Rüstəmlə danışarkən kişi səsi gəldiyini eşitdiyini və həmin şəxsin kim olmasını xəbər alıb: “Şəhanənin anası isə bildirdi ki, həmin şəxs digər qızı Aygünün nişanlısı Elvindir. Aygünün nişanlısı olmadığı üçün Aidənin dediklərinə inanmadım. Orada olarkən Aidə qızı Şəhanəyə zəng etdi, danışmaq istəyərkən Şəhanənin istifadəsində olan mobil telefona yenə başqa bir kişi cavab verdi. Aidə telefonda həmin kişidən telefonu qızına verməsini istədi. Bundan sonra telefonu Şəhanə götürərək anası ilə danışdı. Yenə həmin şəxsin kim olmasını soruşdum. Aidə yenə təkidlə Aygünün nişanlısı olduğunu bildirdi”.
“Anasıgildə qalacağını dedi”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, aprelin 26-da, saat 18.00-da Şəhanə anasıgilə gəlib: “Bu səbəbdən mən də onlara gəldim. Şəhanənin mənə qarşı rəftarında soyuqluq olduğunu hiss etdim. Ancaq heç nə biruzə vermədim. 5-10 dəqiqə oturduqdan sonra işə qayıtdım. Saat 22.00-da yenidən Şəhanənin anasıgilə getdim. Şəhanədən evinə nə vaxt gələcəyini soruşdum. Şəhanə isə hələ anasıgildə qalacağını və Dağıstanda yaşayan qardaşı Azərbaycana nə vaxt gələrsə, o zaman evə qayıdacağını bildirdi”.
“Mənə qarşı hörmətsizlik etdi”
Həsən Həsənov bildirib ki, aprelin 27-də, saat 9-10 radələrində yenidən Şəhanənin anasıgilə gedib, evdə Şəhanənin anası, Şəhanə və iki azyaşlı uşağımız olub: “Evə girdikdən təxminən 3-4 dəqiqə sonra Şəhanənin anası tibb bacısı olduğu üçün iynə vurmağa gedəcəyini bildirdi və evdən çıxdı. Təxminən 10-15 dəqiqə sonra yataq otağına keçdim. Uşaqlardan 1 yaşlı Tunar Şəhanə ilə, 7 yaşlı Ömər isə digər otaqda yatmışdı. Otağa girib Şəhanəni səslədim, durmasını istədim. Şəhanə isə mənə “get başımdan, yatıram” deyərək durmaqdan imtina etdi. Yenə də Şəhanədən durmasını istədim, evə getməli olduğumuzu bildirdim. Şəhanə mənə qarşı hörmətsizlik etdi və qışqıraraq getməyəcəyini dedi”.
“Könüllü təslim oldum”
Həsən Həsənovun ifadəsinə görə, 4 dəfə təkrarən Şəhanəyə evə getmələrini təklif edib, Şəhanə isə təkliflərə baxmayaraq onunla getməkdən boyun qaşırıb: “Şəhanənin hərəkətinə əsəbiləşdim, mətbəxə keçərək bıçaq götürdüm və geriyə Şəhanənin olduğu otağa qayıtdım. Şəhanənin başqa şəxslə münasibəti olduğunu düşündüyümdən və həmin vaxtda mənə qarşı hörmətsizlik edərək mənimlə getmək istəmədiyindən əsəbiləşdim. Şəhanəni vurmaq üçün yenidən yataq otağına qayıtdım. Otağa daxil olduqda Şəhanə çevrilərək əlimdə bıçağı gördü. Şəhanənin necə vurduğumu bilmirəm. Onu vuran zaman Ömər evdə yanımızda olmayıb. Tunar isə yatılı olub. Sonra polis şöbəsinə gedərək könüllü təslim oldum”.
“Getməli olduğumuzu bildirdi”
Cinayət işi üzrə zərərçəkmiş Şəhanə İsmayılova bildirib ki, başına qan çatmadığı üçün 2017-ci il mart ayında oğlu Rüstəmlə bacısı Aygünün yanına Bakı şəhərinə müalicə almaq məqsədilə gedib, təxminən 1 ay orada qalaraq müalicə olunub: “Bacım Aygün Bakı şəhərində işləyir və Elvin Novruzovla qeyri-rəsmi nikah münasibətləri şəraitində yaşayır. Orada qaldığım müddətdə oğlum Rüstəmi dərslərin başlanması ilə əlaqədar Yevlax rayonuna göndərdim. Aprelin 26-ı müalicəni başa çatdıraraq Yevlax rayonuna birbaşa anamgilə gəldim.Təxminən 1 saat sonra Həsən də ora gəldi. Ertəsi gün Həsən yenə də ora gəldi. Həsənə anamın getdiyini bildirdi. Ona “qoy anam gəlsin, balaca oğlum Tunarı onun yanında qoyum evə gedək”, dedim. Həsən isə yenə də təkidlə getməli olduğumuzu bildirdi”.
Şəhanə İsmayılova daha sonra ifadəsində Həsən Həsənovla mübahisə etməsindən, ərinin onun bıçaqla vurmasından danışıb.
“Aramızda sevgi münasibətləri yarandı”
Cinayət işi üzrə şаhid qismində ifadə verən Elvin Novruzov bildirib ki, Şəhanə İsmayılovanın bacısı Aygün İsmayılova ilə 2016-ci ilin avqust ayında Bakı şəhərində tanış olub: “Bundan sonra Aygünlə aramızda sevgi münasibətləri yarandı və bir-birimizlə daimi əlaqə saxlamışıq, görüşmüşk. Əvvəllər bir dəfə 2013-cü ildə ailə həyatı qurmuşam. Həmin nikahdan övladım yoxdur. 2016-cı ildə ərizə ilə məhkəməyə müraciət edərək boşanmaq istədiyimi bildirmişəm, hazırda boşanma məsələlərinə Saatlı rayon məhkəməsində baxılır”.
“Şəhanə ilə heç bir intim əlaqəm olmayıb”
Elvin Novruzovun sözlərinə görə, 2017-ci ilin yanvar ayından Aygünlə birlikdə bir evdə yaşamaq qərarına gəliblər: “Həmin vaxtdan atam Novruz Novruzov, anam Rəvanə Novruzova və Aygün İsmayılova Bakı şəhəri Əcəmi Naxçıvani küçəsndəki mənzillərdən birində yaşamağa başladıq. Şəhanə ilə heç bir intim əlaqəm olmayıb. Şəhanə aprel ayının 26-na Yevlax şəhərinə gedib. Şəhanə Bakıda qaldığı müddətdə axşam bir dəfə Vatsap vasitəsilə oğlu Rüstəmlə danışdığı vaxt Şəhanənin yanında olmuşam. Həmin vaxt digər ailə üzvlərim və Aygün də evdə olub. Sadəcə görüntülü danışıq vaxtı Rüstəmə salam göndərdim. Bundan başqa Şəhanə bizimlə qaldığı müddətdə iki dəfə onun telefonuna cavab vermişəm. Bunlardan birində Şəhanə hamamda olduğu üçün, digərində isə nömrəsinə gizli nömrədən zəng gəldiyi üçün Şəhanənin xahişi ilə telefona cavab vermişəm. Hər iki zəng edən Şəhanənin anası Aidə İsmayılova olub”.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Həsənov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Həsən Həsənov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəzanın təyin edilməsini istəyib.
Həsən Həsənovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Gündüz Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Hakim heyəti Həsən Həsənovun apelyasiya şikayətini təmin etməyib, birinci instasiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
RePost.Az