Gəncə Ağır Cinayətlər Məhkəməsində ərinə xəyanat etdiyinə görə qızını öldürməyə cəhd göstərən Famil Ələkbər oğlu Məhərrəmovun cinayət iş üzrə məhkəmə başlayıb.
 
RePost.Az report-a istinadən xəbər verir ki, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı davam etdirilib.
 
Müəyyən edilib ki, Lalə (ad şərtidir) 2017-ci il iyulun 24-dən 25-nə keçən gecə həyat yoldaşı Ramin Pənahov işdə növbədə olarkən tanışı Vüqar Xəqani oğlu Abbasovu yaşadığı Samux rayonunun Ziyadlı kəndindəki evə dəvət edib. Bununla bağlı bacanağı İlham Saleh oğlu Cəfərovdan xəbər tutan Famil Məhərrəmov iyulun 25-də səhər saatlarında qızını yaşadığı ər evindən Samux şəhərindəki evinə gətirib və ondan V.Abbasovla görüşərək həyat yoldaşına xəyanət etməsinin doğru olub-olmamasını soruşub.
 
Lalənin susaraq ağlamasını isə xəyanətinin təsdiqi əlaməti hesab edərək qızını öldürməyə cəhd göstərib. Bu məqsədlə onu sirkə turşusunu və zəhərli maddələr qrupuna aid olan DDT tərkibli pestisid maddəni içməklə özünü öldürməyə məcbur edib, lakin ölmədiyini görüb otaqda stolun üstündəki stəkanı sındıraraq qırıntısı ilə bilək nahiyəsini kəsməyə vadar edib. Ancaq yenə də qızının ölmədiyini görüb balta ilə baş nahiyəsinə bir dəfə zərbə endirib və onu döşəmənin üzərinə yıxaraq əlləri ilə boğmağa çalışıb. Lalənin huşunu itirib hərəkətsiz qaldıqdan sonra qızını öldürdüyünü zənn edərək həyat yoldaşı Təranə Nəsibovadan polisə məlumat verməsini istəyib. Ancaq F.Məhərrəmov polisə təslim olduqdan sonra qızının yaşadığı məlum olub və yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində Lalənin həyatını xilas etmək mümkün olub. 
 
F.Məhərrəmova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. 
 
Məhkəmə prosesi davam etdiriləcək.
 
RePost.Az

Baxış sayı: 4017 | Tarix: 30.01.2018
Bizi Telegramda izləyin: @repostaz