Şadlıq saraylarında bir salonda səkkiz səsucaldıcı vasitədən istifadə olunur. Buna dözmək olmur.
RePost.Az Trend-ə istinadən xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamanetdə çıxışında deyib.
Q.Həsənquliyev bildirib ki, o vaxt "Azadlıq" meydanındakı mitinqlərdə iki səsucaldıcı qoyulurdu: "Səs Şıxov çimərliyinə qədər gedib çıxırdı. Restoranlara nəzarət edən yoxdur. Səslərə fiziki cəhətdən insan orqanizmi tab gətirə bilmir və qonaqlar tez salonu tərk edirlər".
Deputat əlavə edib ki, restoranlarda keçirilən toylarda bahalı yeməkləri süfrəyə gətirməyi sona saxlayırlar: "Bununla da restoran sahibləri öz vəsaitlərinə qənaət edirlər. Toya əgər 400 nəfər adam dəvət olunubsa, 35 manatlıq balıq kababının pulu qonaqların hamısından alınsa da, sonda həmin kabablar 200 nəfərə verilir. Həmçinin restoranlarda kondisionerləri söndürmürlər. Bu da insan səhhətinə ziyandır".
Spiker Oqtay Əsədov çıxışa reaksiya verərək bildirib ki, şadlıq saraylarında səs məsələsi bir neçə dəfə qaldırılıb: "İndi ölkədə çoxlu bahalı şadlıq sarayları var. Ancaq yalnız bəziləri akustik normalara uyğun şəkildə dizayn edilib. O yemək məsələsini isə bilmirəm. Hər halda bu məsələyə diqqət yetirmək lazımdır".
RePost.Az