Bakıda güclü yanğın baş verib. FHN-dən RePost.Az-a verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.
Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Bir neçə saat sonra yanğın söndürülüb.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Xətai rayonunda yanğın baş verən əraziyə gediblər.
Respublika Baş prokurorluğu, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri yanğın barədə birgə məlumat yayıb. Məlumatda bildirilir ki, 2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.
Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Saat 09.13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.
Azərbaycan prezidentinin göstərişinə əsasən fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilən tədbirlər prezidentin nəzarətindədir.
İlkin araşdırmaların nəticələrinə, görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.
Səhiyyə Naziriyi də yanğın barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib.
Xəstəxananda müalicə alan və tibbi personaldan ibarət 200 nəfərdən artıq adam, o cümlədən yanğın baş vermiş korpusda 55 nəfərin olduğu müəyyən edilib. Onların əksəriyyəti vaxtında təxliyyə olunub. Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir.
Həyata keçirilmiş bütün zəruri tədbirlərinə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
RePost.Az