Azərbaycana qarşı müxtəlif məsələlərdə təxribata yol verilməsinə dair çoxsaylı faktların şahidiyik. Bu çərçivədə Azərbaycan sərhədlərinin təhrif olunduğu xəritələr, milli-mədəni nümunələrin başqa xalqların adına çıxılması və s. hallarla dəfələrlə qarşılaşmışıq.
 
Bu günlərdə isə daha bir təxribat gözdən qaçmayıb.
 
RePost.Az yenicag.az-a istinadən xəbər verir ki, Bakıda fəaliyyət göstərən 9111 taksi xidmətinin naviqasiya sistemində paytaxt küçələrindən biri “Artsax” kimi qeyd olunub. Həmin ərazisi isə əslində, metronun “Ulduz” stansiyasının yaxınlığıdır.
 
Görəsən, bu hal necə baş verib? Sözsüz ki, məsələni aydınlaşdırmaq üçün mütəxəssis rəyinə ehtiyac var. Bu səbəbdən “Total İT” şirkətinin rəhbəri Ruslan Haqverdiyevlə əlaqə saxladıq. Saytımıza açıqlama verən İT mütəxəssisi məsələyə belə aydınlıq gətirdi:
 
“Bakıda taksi xidməti göstərən şirkətlər əsasən, yerli naviqasiyalardan istifadə edirlər. Sistemin özü isə Rusiyanındır. Amma qonşu ölkə bizim xəritəni hazırlamır. Azərbaycanda 5-6 xəritə hazırlayan şirkət var. Düzü, 9111 taksi xidmətinin hansı xəritədən istifadə etdiyini bilmirəm. Bu gün Bakının xəritəsini hazırlayan onlarla şirkət var ki, bunlar beynəlxalq və lokallardır. Lokal şirkətlərin xəritəsində qeyd etdiyiniz problem ola bilməz. Bunların böyük bir hissəsi gah “Caspian Navtel”in xəritəsinə gedib çıxır, gah da başqasının. Sadəcə, taksi xidməti göstərən şirkətlər ucuz xəritələrə qaçırlar. Bunlar beynəlxalq “Google”, “Yandex”in xəritələridir. Bu tip xəritələr də əhaliyə açıqdır. İnsanlar həmin xəritələrə daxil olub, məlumat yerləşdirə bilirlər. Qarşı tərəf onun düzlüyünə inanarsa, bunu qəbul edir. Məlumat yerləşdirən şəxs minlərlə nöqtəni qeyd edir və bununla da özünə qarşı inam yaradır. Ola bilər ki, Rusiyada yaşayan hansısa erməni daima nöqtələri düzgün təyin edir və bir dəfə də fürsətdən yararlanır. Onsuz da bu kimi hallara dəfələrlə rast gəlmişik. Məsələ burasındadır ki, lokal xəritələr çox bahadır. Sistemin qiyməti isə yüzminlərlə ölçülür”.
 
*9111 taksi xidmətindən isə RePost.Az-a bildirdilər ki, fotosu yayılan proqramın onlara heç bir aidiyyatı yoxdur. Həmin proqram 2111 "maxim" taksinin istifadə etdiyi proqramdır. 9111 taksi xidməti isə "Taxisi" proqramından istifadə edir. 
 
RePost.Az

Baxış sayı: 6620 | Tarix: 27.03.2018
Bizi Telegramda izləyin: @repostaz