Erməni mətbuatı "dördgünlük müharibə"nin ildönümü ilə bağlı yazılar verməkdədir.

RePost.Az xəbər verir ki, Ermənistanın hazırkı iqtidarını sərt tənqidi ilə seçilən 1in.am saytı da aprel müharibəsi ilə bağlı məqalə yerləşdirib. Portal bir qədər üstüörtülü olsa da aprel döyüşlərində Erməni tərəfinin unudulmaz zərbə aldığını etiraf edib. Məqalədə erməni tərəfinin itkilərini nə qədər gizlətsə də 91 nəfərini etiraf etdiyi xüsusi qeyd olunur.

"Biz döyüşlərdə 91 nəfər (71 hərbçi, 17 könüllü) itirdiyimizi etiraf etdik. Amma bu rəqəmlər qat-qat çoxdur. Serj Sarkisyan əvvəlcə Azərbaycan ordusunun hücumundan sonra Qarabağda nə qədər ərazi itirdiyimizi açıqlamaq istəmirdi. Qarabağda yerləşən hərbi birləşmələr aprelin 3-də 8 mövqenin əldən verildiyini etiraf edirdilər. 1-ci Qarabağ müharibəsi veteranı Jirayr Sefilyan ordumuzun təkcə Talış kəndi istiqamətində 7 milyon kvadrat metr ərazini əldən verdiyini bildirdi. Bundan sonra Serj Sarkisyan məcbur olaraq 800 hektar ərazini itirdiyimizi açıqladı. Ancaq şübhə yoxdur ki, azərbaycanlılar aldıqları ərazi həm çox, həm də çox-çox əhəmiyyətlidir", - deyə məqalədə bildirilir.

Rus politoloq Aleksandr Skakov məqalədə erməni tərəfinin aprel döyüşlərindən sonra diplomatik məğlubiyyətə uğradığını açıqlayıb.  "Ermənilər apreldən sonra siyasi sferada Azərbaycan üzərində qələbə qazanmağa çalışsalar da əslində özləri məğlub duruma düşdülər. "Dördgünlük müharibə" hər kəsdə Qarabağ münaqişəsinə baxışı dəyişdi", - deyə rus politoloq Skakov bildirib.

RePost.Az


Baxış sayı: 4226 | Tarix: 04.04.2018
Bizi Telegramda izləyin: @repostaz