“Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümüdür. Bununla bağlı Azərbaycan xalqını təbrik etmək istəyirəm. 2018-ci ildə Qafqaz İslam Ordusunun yad edilməsi ilə bağlı tədbirlər keçiriləcək”.
 
RePost.Az-ın məlumatına görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. 
 
Ərdoğan deyib ki, 15 iyul hərbi çevriliş cəhdi zamanı Türkiyəyə ilk dəstək verən liderlərdən biri İlham Əliyev olub: “Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatı zamanı da Azərbaycan dövləti və xalqı bizimlə olub. Biz də Dağlıq Qarabağ problemini öz problemimiz kimi görmüşük, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü, beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli vacibdir. Hərbi və müdafiə sahəsində əməkdaşlığı da gücləndirmək niyyətindəyik. 7-ci Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində mühüm sənədlər imzalayacağıq”.
 
Prezident İlham Əliyev isə öz növbəsində seçkilərdən sonra ilk səfərimi qardaş ölkəyə etdiyini və bunun bir ənənə olduğunu bildirib.
 
"Bu onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünyada bir birinə ən yaxın olan ölkələrdir", - deyə Prezident əlavə edib.
 
İlham Əliyev bildirib ki, prezident seçkiləri qazandığı qələbəyə görə onu ilk olaraq məhz Türkiyə prezidenti Ərdoğan təbrik edib: "Məni ilk təbrik edən əziz qardaşım olub. 1 həftə əvvəl andiçmə mərasimi keçirildi. İki gün əvvəl hökumətin formalaşması başa çatdı və dünən mən Ankarada idim".
 
Dövlət başçısı Türkiyə və Azərbaycan qardaşlığının və dostluğunun möhkəm olduğunu bildirib, bu birliyin çox böyük gələcəyi olduğunu qeyd edib.
 
 
İlham Əliyev Türkiyə-Azərbaycan hərbi əməkdaşlığından da söhbət açıb.
 
"Müdafiə sahəsində birgə hərbi təlimlər, tədqiqatlar keçirilir. Türkiyənin geniş müdafiə sənayesi var. Ordumuzun gücünü həm də Türkiyə məhsulları hesabına gücləndiririk. Bu gün danışdıq ki, bu istiqamətdə addımlar daha da artırılacaq. Türkiyədə istehsal olunan müdafiə sənayesi malları ən yüksək standartlara uyğundur”, - deyə o vurğulayıb. 
 
"Türkiyə Dağlıq Qarabağ münaqişəsində də Azərbaycanı dəstəkləyib. Bu dəstək, həmrəylik bizə əlavə güc verir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə və BMT TŞ-nin qətnamələrinə əsasən həllini tapmalı, Azərbaycanın  ərazi bütövlüyü bərpa ediməlidir", İlahm Əliyev əlavə edib.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan terrorla mübarizəsində hər zaman Türkiyə ilə həmrəylik nümayiş etdirib, Türkiyənin yanında olub: "“Zeytun budağı” əməliyyatında  uğurlara görə qardaş xalqı təbrik edirəm. Azərbaycan bu məsələdə də Türkiyənin yanında olub".
 
Prezident bildirib ki, iki ölkə birgə səylərlə böyük layihələr həyata keçirilir.
 
"BTQ, TAP, TANAP böyük layihələrdir. Bu layihələr bizim birgə səylərimiz nəticəsində icra edilir. Biz Avropanın enerji və nəqliyyat xəritəsini yenidən qururuq, bu bizim gücümüzü artırır, regional əməkdaşlığı gücləndirir, regionun təhlükəsizliyinə töhfə verir. Bu layihələrin tək iqtisadi deyil, böyük siyasi əhəmiyyəti də var. Bunlar sülh və təhlükəsizliyi təmin edən layihələrdir.
 
İki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu da artır. Azərbaycan Türkiyəyə 14 milyard dollar, Türkiyə Azərbaycan iqtisadiyyatına 12 milyard dollar yatırım qoyub. Yalnız qardaş ölkələr bu qədər böyük məbləğdə yatırım edər. Yaxın gələcəkdə TANAP və “Star” zavodunun açılışı imkanlarımızı daha da artıracaq. Ticarət dövriyyəsi də daha da artacaq.
 
Mayda Azərbaycanın birinci cumhuriyyətinin və bu il Qafqaz İslam Ordusunun köməyi ilə Bakının erməni quldur dəstələrindən azad edilməsinin 100 illiyi qeyd ediləcək. Tarix göstərir ki, biz bir olmuşuq və həmişə  biz yerdə olacağıq", - deyə prezident qeyd edib.
 
 
RePost.Az

Baxış sayı: 5404 | Tarix: 25.04.2018
Bizi Telegramda izləyin: @repostaz