Xətai Rayon Məhkəməsində avtobus sürücüsünə silah çıxardan və bir neçə nəfərə qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayıb.
Cinayət məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Orucov Orxan Cəmil oğlunun məhkəmə prosesinə hakim Habil Məmmədov sədrlik edir. Cinayət işində 3 nəfər zərərçəkmiş qismində tanınıb.
İttiham aktına görə, paytaxtın polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayon ərazisində qərəzli xuliqanlıq edərək hadisə yerindən qaçmış şəxs tutularaq istintaqa cəlb edilib.
Belə ki, ötən il avqustun 16-da saat 22 radələrində Bərdə şəhər sakini, 1988-ci il təvəllüdlü Orucov Orxan Cəmil oğlu 85 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusun onun işarəsi ilə saxlanılmamasına görə marşrutun sonuncu dayanacağına gəlib avtobusa daxil olaraq sürücü, Şamaxı rayon sakini Gülağa Xudaverdiyev ilə mübahisə edib ona hədə-qorxu gəlib, daha sonra üzərində gəzdirdiyi odlu silaha bənzər əşyanı nümayiş etdirərək qərəzli xuliqanlıq hərəkətləri törədib hadisə yerindən uzaqlaşıb.
Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində O.Orucov avqustun 22-də şübhəli şəxs qismində tutulub, üzərinə baxış keçirilərkən bir ədəd pnevmatik tapança və 7 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaqın gedişində O.Orucovun Məmmədov Elnur Ağa oğlunu həbsdən azad etdirəcəyini vəd verib sonuncunun atası Ağa Məmmədovun 16500 manat pulunu ələ keçirməklə dələduzluq etməsi müəyyən edilib.
O.Orucovun əməlləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə yanaşı həmin Məcəllənin 178.2.1-ci və 234-cü maddələrinə tövsif edilib.
O.Orucov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, O. Orucovun atası sabiq polis zabitidir.
RePost.Az