Xəbər verildiyi kimi MTN-də fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplaşmanın-poqonlu əcinnələrin daha bir qrupunun işi baxılmaq üçün məhkəməyə göndərilib. RePost.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bunlar nazirliyin keçmiş baş idarə və idarə rəisləri generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, habelə nazirliyin digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovdur.

Həmin poqonlu əcinnələrə qarşı irəli sürülmüş ittiham aktından məlum olur ki, mütəşəkkil qruplaşmanın bu üzvlərinin törətdikləri cinayət əməlləri öz ağırlığına görə indiyədək MTN-nin ən məşhur personası olan general Akif Çovdarovun əməlləri ilə müqayisədə heç də yüngül deyil, hətta sayca daha çoxdur.

Cinayət işinin materiallarından məlum olur ki, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və digərləri onlarla iş adamının telefonlarını şantaj, hədə-qorxu məqsədi ilə qanunsuz dinləntdiriblər. Habelə qrupun üzvləri sahibkarları, o cümlədən qızıl-zinət alverçilərini təhdid edərək onlardan milyonlarla manat talayıblar. İsttintaqa verdikləri ifadələrdə onlar bu əməllərin çoxunu təbii ki, inkar ediblər, ancaq telefonların qanunsuz dinlənilməsi faktlarını təsdiq ediblər və bütün hallarda bu əməlləri nazir Eldar Mahmudovun tapşırığı, yaxud şifahi razılığı ilə həyata keçirdiklərini deyiblər.

Məsələn, MTN-nin Monitorinq Mərkəzinin rəhbəri olmuş general Teymur Quliyev ifadəsində deyib ki, mərkəzin əsas vəzifəsi telefon danışıqlarının dinlənilməsi və statistik məlumatların toplanması olub. Və bütün hallarda telefonların dinlənilməsi üçün göstərişi nazir Eldar Mahmudovdan alıblar. T.Quliyevin bildirdiyinə görə, Eldar Mahmudovun göstərişləri yazılı və ya şifahi formada olurdu.

Telefonları dinlənilənlərdən biri də xəbər verildiyi kimi, Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədovdur. T.Quliyev deyib ki, Tağı Əhmədovun telefonlarının dinlənilməsi barədə təşəbbüsü Akif Çovdarovun idarəsinin əməkdaşı Tural Rzayev qaldırmışdı. Çovdarov isə Eldar Mahmudovdan bu barədə razılıq alıb, nazir T.Əhmədovun telefonlarının dinlənilməsi üçün Mərkəzə göstəriş verib. Telefon danışıqlarının dinlənilməsi nəticəsində əldə olunan məlumatlar Çovdarovun idarəsinə göndərilib.

MTN-nin Əməliyyat Texniki İdarəsinin keçmiş rəisi, general-mayor Natəvan Mürvətova da qanunsuz dinləmələrin nazir Eldar Mahmudovun göstərişləri əsasında həyata keçirildiyini bildirib. N.Mürvətova təsdiq edib ki, telefonların dinlənilməsinə dair göstərişlər əksər hallarda məhkəmə qərarları ilə müşaiyət olunmurdu. Belə hallarda general Mürvətova özünün dediyi kimi dinləmə barədə tələbin göndərildiyi idarələrin rəisləri ilə əlaqə saxlayıb məhkəmə qərarı istəyirmiş. Lakin ona deyiblər ki, qərar daha sonra olacaq, ancaq sonda heç bir məhkəmə qərarı verilməyib.

N.Mürvətova deyir ki, dinləmələrə dair göstərişlərdə nazirin imzası olduğuna görə onları icra etməməkdən qorxurdu.

N. Mirvətova Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin razılığı ilə MTN-in sabiq rəhbərliyinin şifahi tapşırıqları əsasında, hər hansı məhkəmə qərarları alınmadan abonentlərin şəhər telefon nömrələrinə Avtomatlaşdırılmış Telefon Stansiyaları vasitəsilə qanunsuz qulaq asılması faktlarını da təsdiq edib.

RePost.Az


Baxış sayı: 3466 | Tarix: 30.12.2016
Bizi Telegramda izləyin: @repostaz