Allaha bəzən ətəyindən,  bəzən də yaxasından yapışmaq üçün ehtiyacımız olur. Bizə dünyanın stress çarxı  kimi öz özünə döndüyünü yox, özünün idarə etdiyini bildirmək üçün peyğəmbərlər göndərdi.  Bəli, bizim payımıza düşən elçi isə Bəy idi!  Elçibəy!
 
Saqqalına kimi azərbaycanlı olan bu şəxsiyyət Allahın rəsulu idi. Məhəmməd də rəsul idi. Rəsulzadəni deyirəm. Tariximizin iki atasından söhbət gedir! Biri əsrin əvvəlinin biri də sonunun peyğəmbəri. Elçibəy də Azərbaycanı Məhəmməd Əminin sevdiyi qədər sevirdi. Onun da damarında qan təkcə qırmızı yox, həmdə mavi və yaşıl rəngdə axırdı. Görün kimi itirdik biz. Mən indi də  ANS-in Elçibəylə bağlı kadrlarına, onun Mirşahin Ağayevə verdiyi müsahibələrə,  milli məclisdəki çıxışlarına baxanda gözlərim dolur. Axı niyə, biz dünya tarixinin görmədiyi bir şəxsiyyəti hakimiyyətdə cəmi bir il qalmasına məcbur etdik?!
 
 Allahın yaxasından yapışa bilmədik, gücümüz Elçibəyə çatdı, ondan yapışdıq.  Hər şeyin günahkarı o imiş kimi. Elçi bəy ee! Millətinə bağlı olan bir lider! O Elçibəy ki, Marqaret Tetçer onun haqqında " mən ilk dəfədir millətini bu qədər sevən bir  lider görürəm" demişdi.
 
Bu bilirsiz nə deməkdir? Yəni Tetçer özü belə millətinə bizim bəy qədər bağlı ola bilməyib. Xalqa Elçibəyi nə bağladı deyə bilmərəm, amma Elçibəyin əlini qolunu xalq bağladı. Həmin xalq ki, indi Elçibəyin siqaretinin tüstüsündən ötrü belə burnunun ucu göynəyir.
 
Ona qurulan kələk, bəyin Kələkiyə qaçmasından daha bərbad nəticə verə bilməzdi və elə də oldu. Elçibəy o gedən getdi. Ətəyindən yapışıb getməyə qoymamalı ikən yaxasından yapışdıq onun..
 
Bəzi şəxslər tarixə qalib gəlməyi bacarır. O şəxslər ya xalqın bir nəfərdə cəmləşdiyi insanlar olur. Bəli, Elçibəy xalqın bir nəfərdə təzahü forması idi. Amma xalq özü özünü yıxdı. Görün İş hansı həddə çatdı ki, Elçibəy Kələkiyə getməli oldu. Qeyd edim ki, Kələki Naxçıvanda hündür bir dağın başında yerləşən kənddir. O kənd Azərbaycana milli, hətta ümumilli peyğəmbərini qazandırmışdı. 
 
Mən Elçibəy günəşini görməmişəm. İsinə bilməmişəm onun Azərbaycan üçün verdiyi isti nəfəsində. Çünki,1999-cu ildə mən doğuldum , 2000-ci ildə o günəş batdı. Heydər Əliyevin dəfn mərasimindən o tərəfi yadıma sala bilmirəm. Uşaq idim. Amma Elçibəyi, onun ən çoxu, yoldaşlarından, ən azı partiyadaşlarından daha çox sevirəm.  Həmişə bəyin doğulduğu gündə  fəxri xiyabana gedib, həzrəti ziyarət edirəm. Onun məzarının üzərində qoyulan heykəl, məndə həmişə qürur hissi oyadır. Bəyin dik duruşu, baxışlarında olan türk cəsarəti heykəlinə də yansıyıb.
 
Elçibəy Azərbaycanlı kişisinə öyrətdi ki, o yalnız toy günündə bəy deyil. Bəli, bizim bəyə saqqal da bir başqa yaraşır. Hərçənd, ikiyə bölünmüş Azərbaycanın yasını saxlıyırdı o. 
 
Bütöv Azərbaycanı görməyi ən az Məhəmədhüseyn qədər arzulayırdı. Amma Şəhriyardan fərqli olaraq həm də çalışırsı. Cəhd göstərirdi. Onun Azərbaycan üçün elədikləri də xeyir idi, eləmədikləri də. 
 
Bəydən sonra hakimiyyətə Heydər Əliyev gəldi. Yaxşı ki də elə o gəldi. Münasibətləri necə idi bilmirəm. Amma Eçlibəydən sonra hakimiyyətə çox güclü bir prezident gəlməli idi. Xələf, hər hansısa bir naxələf də ola bilərdi və Azərbaycanı batıra da bilərdi. Allah qorudu bizi. Elçibəyin xatirinə. Dostunun xatirinə. 
 
Hər gün Elçibəyi yada salaq. Yada salaq ki, yadlaşmasın. O, bizi bizim bilmədiyimiz dünyadan, Allahın yanından izləyir. İzlə və qoru bizi bəy!
 
BDU Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Mir Sadiq Ağayev
 
Yazı "Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir
 

Baxış sayı: 5613 | Tarix: 13.06.2018
Bizi Telegramda izləyin: @repostaz