Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin 1918-ci il 26 iyun tarixli qərarı ilə Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıb. Milli Şuranın 28 may 1918-ci il tarixli qərarına əsasən, Fətəli Xan Xoyskinin sədrliyi ilə yaradılmış birinci hökumətin tərkibində təsis edilmiş Hərbiyyə naziri vəzifəsinə Xosrov bəy Sultanov təyin edildi. İkinci hökumətin 26 iyun 1918-ci il tarixli qərarı ilə Müsəlman Korpusunun adı dəyişdirilərək "Əlahiddə Azərbaycan Korpusu" adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı.
 
Xatırladaq ki, Əlahiddə Azərbaycan Korpusunun əsasını bir vaxtlar çar ordusunda xidmət etmiş azərbaycanlılardan ibarət "dikaya diviziya" adlandırılan hərbi birləşmənin əsgərləri təşkil edirdi. İkinci hökumətin tərkibində əfsanəvi generallar Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski nazir müavini olub.
 
Cümhuriyyət süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi və onun zabitləri repressiyaya məruz qaldılar. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi. General-leytenant Valeh Bərşadlı Azərbaycanın ilk müdafiə naziri oldu.
1992-ci il oktyabrın 9-da isə silahlı qüvvələrimizin Bakıda ilk hərbi paradı keçirilib. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi ilə münasibətilə hərbi parad keçirilib. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev hərbi paradlarda çıxış edib.
 
2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2015-ci ildə bu rəqəm 4,2 milyard ABŞ dolları təşkil edib.
 
Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir.
 
RePost.Az

Baxış sayı: 4321 | Tarix: 26.06.2018
Bizi Telegramda izləyin: @repostaz