Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları iyunun 24-də saat 23:30 radələrində külli miqdarda narkotik vasitənin qanunsuz dövriy­yədən çıxarılmasını təmin edib. 
 
DSX-nın Mətbuat Mərkəzindən RePost.Az-a verilən məlumata görə, həmin tarixdə Lənkəran rayonunun Vel kəndi yaxınlığındakı sahil nəzarəti məntəqəsinin xidməti sahəsində toy mərasimi üçün xüsusi bəzədilmiş "Wolks­wagen” markalı AZ 90-HC-666 dövlət nömrə nişanlı avtomobil ilə əraziyə gəlmiş 2 nəfər naməlum şəxsin hərəkətləri diqqəti cəlb edib.
 
Belə ki, həmin şəxs­lərin sahildən 10-15 metr aralı olan əraziyə güllərlə bəzədilmiş avtomobillə gecə vaxtı gəlmələri, onlardan birinin avtomo­bildən düşərək aralanması və əlində do­lu kisə ilə qayıtması şübhə doğur­ub.
 
Qeyd edilən şəxslər şübhəli şəxs qismində saxlanılmış, avtomobilə qoyu­lan kisənin içərisində ümumi çəkisi 8 kq 405 qram olan narkotik maddə (o cüm­lə­dən, 6 kq 115 qram tiryək, 250 qram metafetamin, 1 kq həşiş qətranı, 1 kq 40 qram heroin) aşkar olunub. Saxlanılmış vətəndaşların şəxsiyyəti dəqiqləş­di­rilib, onların Lənkəran rayon sakinləri 1982-ci il təvəllüdlü Məmmədov Məm­məd Əsəd oğlu və 1983-cü il təvəllüdlü Kərimov Aqşin Qubad oğlu olmaları müəyyən edilib.
 
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
 
RePost.Az

Baxış sayı: 4264 | Tarix: 27.06.2018
Bizi Telegramda izləyin: @repostaz