Yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş və hazırda da işləyən 35 minə yaxın şəxsin pensiyası orta hesabla 137,5 manat artırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən RePost.Az-a verilən məlumata görə, “Əmək pensiyaları haqqında” qanununun 37.3.1-ci maddəsinə 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərə əsasən, yaşa görə pensiya təyin olunan şəxs işləməkdə davam edərsə, hər 6 ildən bir onun əmək pensiyasının məbləği yenidən hesablanır.
Bildirilib ki, həmin şəxsin fərdi uçot sistemindəki fərdi şəxsi hesabında həmin 6 ildə ödənilən sosial sığorta haqqı müqabilində toplanan pensiya kapitalı 72-yə (yəni 6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.
Yenidən hesablanma nəticəsində həmin vətəndaşların pensiyalarının məbləği orta hesabla 137,5 manat artıb.
RePost.Az