Azərbaycanda utancverici hadisə baş verib. Jurnalist Anar Gəraylı hamilə həyat yoldaşı Pərvanə Qurbanlını döyüb. Fəaliyyətini dayandıran Lent.az saytının redaktoru, eləcə də Ailem.az layihəsinin rəhbəri küçənin ortasında xanımına ağır zərbələr endirib. Hamilə xanım aldığı zərbələrdən kəllə-beyin travması alıb. Tanışlarının sözlərinə görə, 5 ay əvvəl ailə quran Anar Gəraylı xanımı Pərvanə Qurbanlıya mütəmadi olaraq zorakılıq tətbiq edib.Onun spirtli içki aludəçisi olduğu deyilir.
RePost.Az-ın məlumatına görə, zorakılığa məruz qalmış Pərvanə Qurbanlı baş verənlərə sosial şəbəkədə aydınlıq gətirib:
“Tanıdığım, tanımadığım dəstək verən hər kəsə çox təşəkkür edirəm. Tək olmadığımı bilmək mənə indiki halda, aldığım fiziki və mənəvi travmalardan sonra xeyli kömək etdi. Haqlı olaraq “niyə indiyə kimi dözmüsən” sualı verənlər var, olacaq. Bəzən asan olmur ailədən, sevgi kimi müqəddəs hissdən keçmək. Amma o da bir yerdə tükənə bilir. Ona kömək etmək üçün əlimdən gələni etdim. Həkimə də göndərdim, hətta dəfələrlə normal insanlar kimi bitirməyi də təklif etmişəm. Hamısı faydasız oldu. Kəllə-beyin travması almışam, amma xəstəxanada deyiləm, evdəyəm. Narahat olmayın. Bir daha təşəkkür edirəm. Var olun!”
Qeyd edək ki, Pərvanə Qurbanlı özü də jurnalistdir. O, artıq polisə müraciət edib.
Jurnalistin bu hərəkəti sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub. Sosial şəbəkə istifadəçiləri Anar Gəraylıının bu hərəkətini pisləyirlər və Pərvanə xanıma dəstək olduqlarını nümayiş etdirirlər.
RePost.Az