Şou-biznes aləminin kriminallaşma mərhələsini yaşayırıq. Cəmiyyətdə bəzi müğənnilərə o qədər də ehtiram bəslənməsə də, tərslikdən məhz belələri özlərini şou-biznesdə taxt-tac sahibi statusunda görür. Görünür, kimlərəsə arxayın olaraq cəmiyyətdə öz söhbət xırdalamaq bacarığını nümayiş etdirib şüuraltı olaraq şəxsən özləri öz reklam kampaniyalarını aparırlar. Bir müddət bundan öncə də, Azərbaycan musiqi aləmində qəfildən xortdayıb çıxanlardan biri olan Kərim də iki izləyicisini polis şöbəsində məhz polisin və ictimaiyyətin gözləri qarşısında alçaltmışdır və öz vorzakonluğunu sübut etmiş olmuşdur.
Azərbaycanda əvvəllər şou-biznes aləmində söhbət xırdalayan kimi irəhmətdiy İlhamə xanımın xatirələri yaddaşlarda qalıb. Hamıya məlumdur ki, İlhamə xanım şou-biznesdə kriminal aləmin "Lotu Qulisi" idi. Rəhmətlik eyni zamanda, küsülü müğənniləri barışdırar, onlara tövsiyyəsini verərdi. Arada küsdürürdü də, indi eləməsin. Deyilənə görə, İlhamə xanım vəsiyyət edərək öz taxt-tacını dünyasını dəyişən zaman həmkarlarından birinə təhvil verib. Bu gün artıq İlhamə xanımın sələfi cəmiyyətdə at oynadır. Söhbət musiqi aləmində Füzuli rayonunu təmsil etdiyini deyən Manaf Ağayevdən gedir. Şou-biznes aləmində yerini kifayət qədər möhkəmləndirən Manaf müəllimin söhbət xırdalamaq bacarığı artıq şou-biznesin hüdudlarından kənara da sirayət edib.
Dediyi kimi, təmsil etdiyi Füzuli rayonundan kimin boğazında çöp qalarsa, dərhal Manaf müəllim xəbərdar olmalıdır. Özünüz də gördünüz ki, bir-neçə gün bundan əvvəl "Qaçqınkom"un binasında intihara cəhd edən vətəndaşı hörmətli Mənaf müəllim fikrindən daşındıraraq xilas etdi. Sonradan rəsmi məlumat yayıldı ki, vətəndaşı Mənaf müəllim deyil, komitə sədri Rövşən müəllim xilas edib. Buna kriminal aləmdə "sxodka"nın Pir qələbəsi də deyilir.
Sabiq "ANS”in efirində yayımlanan "Toylar kralı” verilişinin qalibi olan Manaf Ağayev əsrarəngiz musiqi əsərləri ilə Azərbaycan Beynəlxalq Avtovağzalına ömürlük sirayət edən hörmətli müğənnilərimizdən biridir. Allah canını sağ eləsin, zalımın balası elə bil Avtovağzalla "daqor" bağlayıb. Bir dəfə feysbuk sosial şəbəkəsində istifadəçilərdən biri belə bir status yazmışdı ki, M.Ağayevin hər dəfə "Ana" mahnısına qulaq asanda anama olan məhəbbətim azalır.
Bölgələrdən paytaxta, paytaxtdan bölgələrə hərəkət edən mikroavtobusların fəxri musiqi ustadı bir neçə il bundan əvvəl televiziyaların birində aparıcını döyməyə cəhd etməsi kimi də yadda qalıb. O vaxt müəllimin şou-kriminal aləmə təzə-təzə qədəmlərini qoyduğu bildirilir. Həmin kadrlar hazırda "Youtube”da da ən çox baxılan trend videolar siyahısındadır.
Artıq el arasında dərdli adamların problemlərinin həlli, xərçəngin dərmanı, qıfılın açarı kimi kimi tanınan Mənaf Ağayevin son günlər avtoritetvari söhbətləri gündəmin mövzusundan düşmür. Özü də açıq-aşkar deyir ki, Füzuli rayonunda kimin nə problemi olursa, mən həll edirəm. Ötən gün də müəllim sponsor olmamasından əziyyət çəkən qrossmeysterimizə himayədarlıq etməyə hazır olduğunu bildirib. O, şahmatçı fəxrimiz Şəhriyar Məmmədyarova qismən sponsorluq etməyə hazır olduğunu bildirib. Allah belə avtoritet-müğənnilərimizin sayını çox, canını sağ eləsin.
Bəzi məlumatlara görə, hamımızın "sxodka”larına heyran qaldığımız Mənaf müəllim növbəti parlament seçkilərində millət vəkili olmaq eşqinə düşüb.
Qeyd edək ki, M.Ağayev şou-biznes aləmində ən bahalı villaya sahiblik edən müğənnilərdəndir. Bir müddət öncə Ağayevin milyonluq villasının görüntüləri sosial medianın gündəmini də dəyişmişdir.//İnterpress.az/
RePost.Az