Biləsuvar rayonunda yerləşən, Cəbrayıl rayonu 7 saylı köçkün qəsəbəsi, İskəndər Tahirov adına Mehdili kənd orta məktəbində keçiriləcək “İKT üzrə yay düşərgəsi”nə sənəd qəbulu başa çatdı. Sentyabrın 5-dən başlayacaq təlimlərdə iştirak hüququ qazanmaq üçün ümumilikdə 315 şagird imtahanlarda iştirak edib.
 
RePost.Az-ın məlumatına görə, sentyabrın 5-də imtahanda iştirak edən şagirdlər arasından, 3 yaş qrupu üzrə 45 şagird Tədris düşərgəsinə (Bootcamp) seçilib. “İKT üzrə yay düşərgəsi” nə qəbul olan məktəblilər 10 gün ərzində, kompüter kodlaşdırmasının əsaslarını öyrənməklə yanaşı, sosial bacarıqlarını və liderlik qabiliyyətlərini də inkişaf etdirəcəklər.
 
 Tədris düşərgəsində dərs deyəcək təlimçilər ölkənin qabaqcıl tədris müəssisələrindən olan “Code Academy”nin peşəkar müəllimləri arasından seçilib.
 
Tədris düşərgəsinə seçilmiş VII-IX sinif şagirdləri intensiv kodlaşdırma dərsləri alacaqlar. HTML, “Scratch” və “Python” kimi proqramlaşdırma dillərinin tədris edildiyi düşərgəni fərqlənmə ilə bitirən məktəblilər kompüter və mobil telefon kimi dəyərli hədiyyələr qazanacaq. Ən əsası isə, bilikləri ilə fərqlənən şagirdlər “Code Academy”-də təhsil almaq imkanı əldə edəcəklər. Tədris düşərgəsi həmçinin iştirakçı şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsini, onların sosial bacarıqlarının və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsini nəzərdə tutur.
 
Məktəblilərdə elmə və təhsilə həvəs yaratmaq və onların nəzəri və təcrübi biliklər qazanmasını qarşısına hədəf qoyan “İKT üzrə yay düşərgəsi”ndə iştirak etmək ödənişsizdir. Bu layihə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənir.   
 
RePost.Az

Baxış sayı: 3599 | Tarix: 04.09.2018
Bizi Telegramda izləyin: @repostaz