Bir neçə gündən sonra yeni dərs ili başlayır. Yeni dərs ilinin başlanması özü ilə birlikdə tıxacları da gətirəcək desək, yanılmarıq. Artıq elə indidən paytaxt küçələrində avtobillərin sıxlığı müşahidə olunur. Görəsən yol polisi də Bakıda gözlənilən tıxaclar barədə fikirləşirmi?
RePost.Az modern.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, dərs ilinin başlanması ilə bağlı polis gücləndirilmiş iş rejimində xidmət edəcək:
“Təhlükəsizliyin təmin edilməsi üçün tərəfimizdən bütün zəruri tədbirlər həyata keçiriləcək. İlk növbədə qeyd edilməlidir ki, paytaxtın inzibati ərazisində olan bütün təhsil müəssisələri tərəfimizdən nəzarətə götürülməklə, həmin təhsil müəssisələrinin yerləşdiyi ərazilərə yaxın yollarda əməkdaşlarımız xidmət aparmaqla bütün zəruri addımlar atılacaq. Nəzərə almalıyıq ki, dayanma-durma və ya parklanma tələbləri düzgün yetirilmədikdə bu, süni sıxlığın və ya tıxacların yaranmasına səbəb olur”.
Şöbə rəisi valideynlərə və sürücülərə müraciət edərək bildirib ki, dayanma-durma, parklanma tələbləri müzakirə olunmadan yerinə yetirilməlidir:
“Bəzən birinci sinfə gedən şagirdi bir neçə nəqliyyat vasitəsinin müşayiəti ilə məktəbə gətirirlər. Bu da süni sıxlıqların, tıxacların yaranmasına səbəb olur. Biz valideynlərdən, sürücülərdən xahiş edirik ki, belə addımlar atmasınlar”.
V.Əsədov deyib ki, kimliyindən və söylədiyi bəhanələrdən asılı olmayaraq qayda pozan, tıxaclara səbəb olan sürücülər inzibati məsuliyyətə cəlb ediləcək:
“Hazırda Bakı şəhərində avtomobillərin hərəkət intensivliyi artıb, bu o deməkdir ki, tətil başa çatmaq üzrədir. İstirahətdən qayıdanlar artıq dərs ilinin başlanması ilə bağlı hazırlıq işləri görür. İntensivlik artsa da, yol hərəkətində və yaxud yol hərəkəti haqqında qanunun tələblərində göstərilənlər düzgün yerinə yetirilərsə, yol qəza hadisələri baş verməz və müəyyən istiqamətlər üzrə ləngimələr olmaz. Hamı bilməlidir ki, kiminsə övladının dərsə getməsi və ya dərsdən çıxması onun məsuliyyətdən yayınmasına səbəb ola bilməz. Yol polisi gücləndirilmiş iş rejimində işləyəcək, bununa yanaşı, sürücülərimiz də məsuliyyətli olmalıdırlar. Bir avtomobilin yolda bir dəqiqə dayanması böyük sıxlıqların yaranmasına səbəb olur. Kimsə öz rahatlığı üçün başqasının işinə mane olmamalıdır”.
RePost.Az