Binəqədi rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücülərə aşkar edilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, Binəqədi rayonunda gecə saatlarında əhalinin dincliyini pozan, piyadalar üçün təhlükə yaradan, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən bir qrup sürücü Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Onların bir neçəsi 6-cı mikrorayon, Cavadxan küçəsində yerləşən parkın, digərləri həmin əraziyə yaxın küçələrdə aşkarlanaraq inzibati məsuliyyətə cəlb ediliblər.
 
Saxlanılan "Porsche" və "Niva” markalı avtomobillərdən qadağan olunmuş səs siqnalları, kustar üsulla hazırlanan tünd pərdələr aşkarlanıb.
 
Həmçinin "Niva" markalı avtomobillərin yük yerlərindən nəqliyyat vasitələrinin ön hissələrinin yuxarı qalxması üçün istifadə edilən qum kisələri də aşkar edilib.
 
Qeyd edək ki, avtoxuliqanlıq edən sürücülər barəsində Binəqədi rayon DYPŞ-də toplanan meteriallar qərar qəbul edilməsi üçün məhkəmələrə göndərilib.
 
Bundan əlavə Binəqədi rayon ərazisində yükdaşıma qaydalarını pozan, istismar müddətini başa vurmuş, həmçinin yükləri açıq şəkildə təhlükəli vəziyyətdə daşıyan 20-ə yaxın yük maşını da cərimə meydançasına yerləşdirilib.
 
Araşdırma zamanı yük maşınlarını idarə edən şəxslərdən birinin sürücülük hüququnun 6 ay müddətinə məhdudlaşdırıldığı da məlum olub.
 
Kobud qayda pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilməklə bərabər, polislər tərəfindən onlarla maarifləndirici söhbətlər də aparılıb, sükan arxasında məsuliyyətli olmağın vacibliyi vurğulanıb.
 
Binəqədi, eləcə də paytaxtın digər rayonlarında da analoji tədbirlər bundan sonra da davam etdiriləcək.
 
RePost.Az


Baxış sayı: 5784 | Tarix: 26.09.2018
Bizi Telegramda izləyin: @repostaz