“Bakı Metropoliteni” QSC-nin "Bakmil" stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirləri çərçivəsində sabahdan günün müəyyən saatlarında stansiyaya giriş-çıxış müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq. 
 
Qurumun mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, sərnişinlər saat 8:20-dən saat 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər.
 
Məlumdur ki, bu məhdudiyyətlər avqustun 8-dən mərhələlərlə tətbiq edilir. Məqsəd stansiya ərazisində təmir işlərini aparan işçilərin təhlükəsizliyinin təmin edilməsidir və zərurət məhz bu tələbdən yaranıb.
 
"Bakı Metropoliteni"nin yeganə yerüstü stansiyası olan “Bakmil” stansiyasının uzunmüddətli istismarı dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğularının yenilənməsi, həmçinin digər infrastrukturun təmir-bərpası və yenidən qurulması günün zəruri tələbidir.
 
Günün qeyd edilən saatları ərzində (8:20-17:00) sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur.
 
Onu da əlavə edək ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, "Bakmil" stansiyasına sərnişinlərin giriş-çıxışının məhdudlaşdırıldığı vaxt ərzində, "Bakmil" və "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti fəaliyyət göstərir.
 
"Bakı Metropoliteni"nin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyi.
 
RePost.Az

Baxış sayı: 6259 | Tarix: 05.10.2018
Bizi Telegramda izləyin: @repostaz