Səməd Vurğun küçəsində yolun kənarında sürüşmə qeydə alınıb.
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, tikinti aparılan binanın qarşısındakı yol aralanıb.
Hadisə ilə bağlı "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə açıqlama verib.
AAYDA rəsmisi qeyd edib ki, sözügedən ərazidə pilot layihə çərçivəsində bina tikilir:
"Həmin binanın tikintisi aparılan ərazi hasarlanıb və qazıntı işləri aparılır. Qazıntı işləri aparılarkən heç bir təhlükəsizlik tədbirləri görülməyib. Nəticədə də yağış yağdıqdan sonra yolun bir hissəsində sürüşmə qeydə alınıb. 3 metr enində, 2,5 metr dərinliyində yol aralanıb və yolun kənarındakı bardürlər dağılıb.
Hazırda dəymiş ziyan araşdırılır. Tikinti şirkəti yoldakı dayanıqlığı yoxlamalı idi. Təhlükəsizlik tədbirləri görülmədən birbaşa qazıntı işləri aparılıb ki, bu da sonda yağışdan sonra yolun sürüşməsinə səbəb olub".
AAYDA rəsmisi qeyd edib ki, tikinti şirkəti tərəfindən yola dəyən ziyanın ödənilməsi istiqmətində addımlar atılacaq: "Şirkətin hesabında yolun təmiri təmin olunacaq".
Qurumdan həmçinin bildirilib ki, yolun kənarında baş verən sürüşmədən sonra bərpa işləri aparılır.
Hazırda AAYDA-nın və tikinti şirkətinin əməkdaşları ərazidədir və dəymiş ziyan hesablanır.
Binanın tikintisi isə dayandırılıb.
RePost.Az