Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilməsi benzini ucuzlaşdıracaqmı?
 
Gömrük rüsumundan azad olunmanın bu növ benzinin qiymətinin aşağı düşməsinə səbəb olacağı gözlənilmir. Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənizmləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur. Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirildiyini də nəzərə alsaq, bu zaman xərc müşahidələrinə ehtiyac yaranacaq. Aydındır ki, 3 aylıq güzəşt müddəti xərclərin monitorinqi və eləcə də qiymətin dəyişməsi üçün kifayət deyildir. İdxal edilən benzinin daxili istehlak qiymətinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsinə, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsinə ehtiyac var. Digər tərəfdən, güzəştlərin çox qısa müddəti, yalnız 3 ayı əhatə etməsi yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının tələbə təsir etməməsi üçün növbəti 3 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı idxal benzini də təklif ediləcək.
 
2. Türkiyə- ABŞ münasibətlərində gözlənilən istiləşmə lirəni yenidən möhkəmləndirə bilərmi? Türkiyə-ABŞ münasibətlərindəki dinamikliyi indiki halda Ankara üçün vacib olaraq qalır. ABŞ-la münasibətlərin yaxşılaşması Türkiyə iqtisadiyyatına müsbət psixoloji təsir göstərəcək. Bununla belə, Türkiyənin xarici ticarət dövriyyəsində təxminən 77 milyard dollara yaxın mənfi saldo var. Bunun da azaldılması vacibdir. Bununla belə, lirənin məzənnəsində kəskin bahalaşma gözlənilmir. Ancaq bazar Branson hadisəsinə psixoloji reaksiya verməyə başlayıb. Keşiş Bransonun azadlığa buraxılması lirənin məzənnəsində stabilliyə nail olunması baxımından vacib idi. Amma Türkiyə valyutasının məzənnəsində kəskin möhkəmlənmə inandırıcı deyil.
 
 
 
3. ABŞ Səudiyyə Ərəbistandakı potensial gərginlik neftin dünya bazar qiymətində yeni artımlara səbəb ola bilərmi? ABŞ Prezidetinin Səudiyyə Ərəbistanı ilə silah satışı sövdələşməsinin ləğv edilməyəcəyi ilə bağlı açıqlamasından sonra neft bazarında sakitçilik müşahidə edilir. BP-nin rəhbəri Bob Dudley isə neftin indiki qiymətini dünya üçün qeyri-sağlam qiymət kimi dəyərləndirib. Mövcud qiymətindəki artımlar daha çox siyasi səbəblər ilə bağlıdır. İrana qaşı sanksiyalar və eləcə də Venesualadakı böhran qiymətə təsir göstərməkdədir. Siyasi səbəblərə və o cümlədən Venesualada böhran səngiyərsə neftin qiyməti yenidən hər barel üçün 60-65 dollaradək enə bilər.
 
.
4. Yüksək neft qiymətləri fonunda manat möhkəmlənə bilərmi? Manatın məzənnəsinin müəyyənləşməsində Mərkəzi Bank aparıcı mövqeyini qoruyub saxlayır. Deməli, kursun necə dəyişməsi birbaşa Mərkəzi Bankdan asılı olacaq. Amma baş bankın son açıqlamalarından görünür ki, Mərkəzi Bank manatın məzənnəsinin möhkəmlənməsində maraqlı deyil. Sözügedən bank mövcud kursu qoruyub saxlamaqa çalışır. O baxımdan, neftin qiymətini yüksək olmasına baxmayaraq manatın möhkəmlənməsinin hələlik Mərkəzi Bankın gündəliyində olmadığı anlaşılır.
 
5. Dollara tələb növbəti aylarda necə dəyişəcək? Neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən ölkəmizdə dollara tələbin yenidən dekabr ayında artacağı gözlənilir. Bu maliyyə ilinin sonuncu ayı olması səbəbindən dövlət və özəl qurumların xarici borc öhdəliklərinin yerinə yetirməsi, idxalda və büdcə xərcləmələrində gözlənilən artımlar və xarici səfərlərin sayının artması ilə bağlıdır.
 
 
Vüqar Bayramov,
İqtisadçı ekspert

Baxış sayı: 5100 | Tarix: 22.10.2018
Bizi Telegramda izləyin: @repostaz